...

Bəkir Nəbiyev dünyasını dəyişib

Cəmiyyət Materials 15 Mart 2012 13:36 (UTC +04:00)
Ədəbiyyat İnstitutunun direktoru dünyasını dəyişib
Bəkir Nəbiyev dünyasını dəyişib

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, əməkdar elm xadimi, "Şöhrət" ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev bu gün ömrünün 82-ci ilində vəfat edib.

Akademiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində anadan olub. 1947-ci ildə Ağdaşda 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə müharibə illərində başlayan Nəbiyev 1945-1947-ci illərdə Ağdaş radio şəbəkəsinin diktoru, 1947-1949-cu illərdə Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib.

1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb, eyni zamanda, Bayılda 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləyib.

Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib.

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi, Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru, Azərbaycan Ədəbiyyat Fondunun sədri işləyib.

2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktoru, 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.

Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2010), SSRİ-nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə təltif edilib. Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına, "Ustad" Ali mükafatına, Beynəlxalq TİKA mükafatına layiq görülüb. Azərbaycan Dövlət Mükafatı laureatı, "Qızıl qələm" mükafatı laureatıdır.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti