Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/
Avropa Yayımları Birliyi San Marinoya xəbərdarlıq edib. Trend-in bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Eurovision" Mahnı Müsabiqəsinin Məşvərət Qrupu San Marino təmsilçisinin builki şouda oxuyacağı "Facebook Uh, Oh, Oh" mahnısını müzakirəyə çıxarıb. Məşvərət Qrupunun qərarına görə, bu mahnı müsabiqə qaydalarına ziddir.
Eurovision Mahnı Müsabiqəsi zamanı siyasi və ya buna oxşar mövzuda heç bir söz, ifadə, jest işlətmək olmaz. Mahnının mətnində və ifasında hər hansı bir tənqidi sözün işlənməsi qadağandır. Mahnı vasitəsilə kommersiya məqsədli ismarıcların göndərilməsi yolveriməzdir. Bu qaydanı pozmaq müsabiqədən kənarlaşdırılma ilə nəticələnə bilər.
Lakin Məşvərət Qrupu San Marino Televiziyasına ölkə təmsilçisinin mahnısının sözlərini və ya yeni kompozisiyanı təqdim etməyə imkan verib. San Marino təmsilçisi Valentina Monettanın Bakı səhnəsində ifa edəcəyi mahnı martın 22-də, saat 15.00-dək (Bakı vaxtı ilə) təqdim edilməlidir.