Azərbaycan, Bakı, 23 mart /Trend/
Martın 20-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Lahıc qəsəbəsində Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib.
Trend-in məlumatına görə, tədbirə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Ərəstun Cavadov və yerli hökumət strukturlarının rəhbərləri də qatılıb. Tədbirdə iştirak edən Novruz Aslanov öz çıxışında sakinləri bayram münasibətilə təbrik edib, bu bayramın respublika səviyyəsində qeyd olunmasında dövlətin yaratdığı şəraitdən söhbət açaraq bildirib ki, baharın gəlişi ilə el-obaya təravət verən təbiətin oyanışı insanların qəlbini daha da genişləndirir, bir-birilərinə səmimiyyəti, inamı daha da artırır.
Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov da öz çıxışında rayon sakinlərini təbrik edib.
Çıxışardan sonra tədbir incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə davam edib. Konsertdə Bilal Əliyev, Gülyanaq və Gülyaz Məmmədova bacıları sevilən mahnılarını ifa ediblər.
Hər il deputat Novruz Aslanov bahar bayramını rayonda seçiciləri ilə birgə keçirir.