Azərbaycan, Bakı, 11 aprel /Trend/
Azərbaycanda əlilliyi olan şəxslərin dövlət hesabına mənalı istirahətinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Cari ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərədək əlilliyi olan şəxsin respublikanın səfalı güşələrində yerləşən mərkəzlərdə 10 günlük istirahəti təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də həmin şəxslər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar üstünlük təşkil edəcək.
Ümumiyyətlə, 2012-ci il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların respublikadan kənarda, o cümlədən Ukraynanın Saki şəhərindəki müvafiq müalicə mərkəzində və respublika daxilində müalicəsinə kömək göstərilməsi, bayramlar və əlamətdar günlər münasibətilə imkansız əlillərə birdəfəlik maddi yardımların verilməsi və s. istiqamətlərdə tədbirlər davam etdiriləcək.
Həmçinin, il ərzində həmin insanların cəmiyyətə inteqrasiyası, mənəvi tələbatlarının ödənilməsi və istedadlarının aşkara çıxarılması məqsədilə Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, 2012-ci ilin "İdman ili" elan edilməsi ilə əlaqədar əlillər və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu idman tədbirləri keçiriləcək.
Nazirlik yanında fəaliyyət göstərən və ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şuranın üzvlərinin iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələrin həyata keçirilməsi təmin ediləcək.