...

TQDK orta məktəb dərsliklərinin monitorinqini aparacaq

Cəmiyyət Materials 23 Aprel 2012 14:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlərin monitorinqini aparacaq.
TQDK orta məktəb dərsliklərinin monitorinqini aparacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlərin monitorinqini aparacaq. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu il çap olunan dərsliklərin monitorinqi yalnız onlar işıq üzü gördükdən sonra aparılacaq. Amma gələcəkdə dərsliklərin və müəllimlər üçün vəsaitlərin layihələri təqdim olunduqda onun monitorinqi keçiriləcək. Bununla da həmin vəsaitlərdə səhvlərin qarşısı əvvəlcədən alınacaq.

"İndiyədək dərsliklərdə olan səhvlər ona görə TQDK-nın elmi-metodiki seminarlarında müzakirə olunurdu ki, həmin səhvlər qəbul imtahanlarının məzmununa təsir göstərirdi. İmtahan suallarını formalaşdırdıqda bu səhvlərlə üz-üzə gəlirdik. Ona görə də biz əvvəlcədən abituriyentlərə elan edirdik ki, imtahanlara hazırlaşanda düzgün məlumatlardan istifadə etsinlər", - Abbaszadə bildirib.

O deyib ki, dərsliklərin monitorinqi keçirildikdə həmin nəşrlərin müəllifləri TQDK-nın seminarlarına dəvət olunacaq və pedaqoji heyətin suallarına cavab verəcəklər. Abbaszadənin sözlərinə görə, çox zaman dərsliklərdəki səhvlərlə əlaqədar həmin nəşrlərin müəlliflərini TQDK-ya dəvət etdikdə onlar gəlmirdilər.

TQDK sədri bildirib ki, dərsliklərin monitorinqi ilə bağlı Komissiyada müvafiq şöbə yaradılacaq. Bundan sonra - sentyabr ayında mövcud olan bütün dərsliklərin monitorinqi ilə bağlı ictimaiyyətə məlumat veriləcək. TQDK bununla bağlı təkliflərini də müvafiq qurumlara təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti