Azərbaycan, Bakı, 27 aprel /Trend/
Çexiyanın qədim şəhəri və vilayət paytaxtı sayılan Olomouc ilə Azərbaycanın Gəncə şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend-in Çexiyada fəaliyyət göstərən AZƏR-ÇEX Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə Şəhər İcra başçısı Elmar Vəliyev və Olomouc qubernatoru Martin Tesarik arasında təntənəli imzalanma mərasimi Olomouc şəhərində həyata keçirilib.
Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Palaçki Universitetinin rektoru, Olomouc Vilayətinin rəhbərliyi, hər iki ölkədən nümayəndələr və KİV iştirak etmişlər. Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov hər iki şəhərin rəhbərliyinə DVD hədiyyə etmiş və qeyd etmişdir ki, bu əməkdaşlıq haqda təşəbbüs ilk dəfə 2007-ci ildə təşkilatın 1-ci müavini Ələkbər İlyasov tərəfindən irəli sürülüb.
Tədbirin sonunda rəsmi qonaqlarla və diaspora nümayəndələri ilə xatirə fotosu çəkilib.