...

Bakı Dənizkənarı Bulvarında velosiped sürənlər üçün xüsusi hərəkət xətti artıq hazırdır

Cəmiyyət Materials 28 Aprel 2012 11:47 (UTC +04:00)
Bakıda Dənizkənarı Bulvarda velosiped sürənlər üçün çəkilən xüsusi hərəkət xətti artıq hazırdır.
Bakı Dənizkənarı Bulvarında velosiped sürənlər üçün xüsusi hərəkət xətti artıq hazırdır

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakıda Dənizkənarı Bulvarda velosiped sürənlər üçün çəkilən xüsusi hərəkət xətti artıq hazırdır. Bunu şənbə günü Trend-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, bu hərəkət xətti bulvarın yeni uzadılmış hissəsindədir.

Velosipedlərin hərəkəti üçün yol iki zolaqlı olacaq. Hər zolağın uzunluğu təxminən 2 kilometr olacaq.

Velosipedçilər ümumilikdə 4 km uzunluğu olan hərəkət zolağında maneəsiz hərəkət edə biləcəklər. Bu xətdən istifadə ödənişsiz olacaq. Bulvara velosipedlə gələn insan üçün xüsusi işarə də qoyulacaq.

Məcidov deyib ki, ölkə Prezidentinin aprelin 27-də verdiyi sərəncamla Bulvar İdarəsinə ayrılmış 5 milyon manat maliyyə vəsaiti Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin tamamlanmasına sərf ediləcək.

Rəis müavinin sözlərinə görə, "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar bulvarda çalışan və dil bilən işçilərinin sayını artırmaq məqsədilə 50 əməkdaş xarici dil kurslarına göndərilib.

"Onlar bu ayın sonunda 3 ay davam edən bu kursu bitirirlər. Məqsəd odur ki, qonaqlarla elementar ünsiyyət qurmağı bacarsınlar", - Məcidov əlavə edib.

Məcidov bulvardakı obyektlərin "Eurovision" müsabiqəsi günlərində Bulvar İdarəsinin bütün sutka boyu işləməyə hazır olduğunu da deyib.

"Biz də, sahibkarlar da həmin günlərdə 24 saat işləməyə hazır olmalıyıq. Onsuz da yay mövsümündə bəzi obyektlər gücləndirilmiş iş rejimində- gecə saat 1-ə, bəzən 3-ə kimi işləyirlər. Amma ticarət obyektləri və atraksionlar bulvarda fəaliyyət göstərsələr və müəyyən dərəcədə bizə tabe olsalar da, iş rejimlərini müəyyənləşdirmək baxımından müstəqildirlər. Onların da biznes marağı olduğu üçün iki növbəli işləyə bilirlər. Ona görə də, məncə, o barədə problem yoxdur", - Məcidov qeyd edib.

Xəbər lenti

Xəbər lenti