...

Müdafiə Nazirliyi: Lənkəran Əliyev özünə "ədalət keşikçisi" imici qazandırmağa çalışır

Cəmiyyət Materials 30 Aprel 2012 12:31 (UTC +04:00)
General hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır.
Müdafiə Nazirliyi: Lənkəran Əliyev özünə "ədalət keşikçisi" imici qazandırmağa çalışır

Azərbaycan, Bakı, 30 aprel / Trend/

General hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev general-mayor Lənkəran Əliyevin mətbuata açıqlamalarına münasibət bildirərkən deyib.

İdarə rəisi bildirib ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında həqiqi hərbi xidmət keçən general-mayor Lənkəran Əliyev onun və ailə üzvlərinin mənzil hüquqlarına Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən əsassız müdaxilə olunması barədə müxtəlif kütləvi informasiya vasitələrinə açıqlamalar verməklə, cəmiyyət arasında özünə "ədalət keşikçisi" imicini qazandırmağa çalışır.

Kişiyevin sözlərinə görə, Əliyevin bu hərəkəti onun apelyasiya məhkəməsində uduzduğu mülki işə bir növ "ictimai dəstək" qazanmaq məqsədinə xidmət edir.

"Lakin hörmətli general nəzərdən qaçırır ki, məsələyə hüquqi müstəvidə baxılırsa, verilən informasiyalar müəyyən qədər də olsa faktlara söykənməli, özünün və digərlərinin nüfuzuna, hərbi qulluqçu şərəfinə xələl gətirməməlidir", - İdarə rəisi deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularından, onların ailə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında müdafiə nazirinin göstərişilə yaradılmış komissiya tərəfindən 6 aprel 2009-cu il tarixdən 18 may 2009-cu il tarixədək Təlim və Tədris Mərkəzinin maliyyə-təsərrüfat fəaliyyəti, hərbi qulluqçuların hərbi və döyüş hazırlığı səviyyəsi, hərbi intizama və qanunçuluğa riayət olunması, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin vəziyyəti və digər sahələr üzrə yoxlama aparılıb.

Yoxlamanın nəticələrinə dair general-mayor Əliyev Lənkəran Əbülfət oğlu Azərbaycan Respublikası qanunlarının, hərbi nizamnamələrin və müdafiə nazirinin əmrlərinin tələblərini kobud şəkildə pozduğuna, tabelikdəki hərbi qulluqçulara qarşı mənəvi və psixoloji təzyiqlərə yol verdiyinə, vəzifəli şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsinə zəif nəzarət etməsi nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulmasına şərait yaratdığına görə müdafiə naziri tərəfindən verilmiş müvafiq əmrə əsasən tutduğu vəzifədən azad edilib.

Kişiyev qeyd edib ki, yoxlama zamanı hərbi qulluqçulardan daxil olmuş şikayət və izahatlardan məlum olub ki, Mərkəz rəisi general-mayor Əliyev bir çox zabitlərə qarşı qərəzli mövqe tutmaqla onlara mənəvi və psixoloji təzyiqlər göstərərək, normal şəraitdə xidmət keçmələrinə müxtəlif əngəllər törədib.

"Belə ki, o, həmin şəxslərə münasibətdə yerli-yersiz olaraq çoxlu sayda intizam cəzaları tətbiq edib, onların birdəfəlik pul mükafatlarından məhrum edilməsi barədə qərarlar çıxarıb, attestasiya zamanı aşağı bal ilə qiymətləndirib, məharət dərəcəsinin verilməsi üçün sınaq imtahanlarına buraxmayıb, növbəti hərbi rütbələrin verilməsi üçün təqdimatlar göndərməyib və digər qanunsuz hərəkətlərə yol verib", - İdarə rəisi vurğulayıb.

Kişiyev bildirib ki, generar-mayor Əliyev 2008-ci il ərzində hətta öz müavininə (Mərkəzin sabiq qərargah rəisinə) və tərbiyəvi işlər şöbəsinin rəisinə təkcə "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" növündəki intizam cəzasını müvafiq olaraq 26 və 18 dəfə tətbiq edib.

Qeyd olunan hərbi qulluqçularla yanaşı, o, həmçinin, digər 22 nəfər zabit və gizirlərin attestasiyası zamanı xidmətlərini 20 göstərici üzrə mümkün olan 200 baldan yalnız 20 balla qiymətləndirib, bunu əsaslandırmayıb.

Onun sözlərinə görə, Əliyevin Mərkəz rəisi olduğu dövrdə tabeliyindəki vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti zəif təşkil etməsi nəticəsində həqiqi hərbi xidmətdən buraxılmış 33 nəfər şəxsin əsassız olaraq şəxsi heyətin siyahısından gec çıxarılması səbəbindən, eləcə də yanacaq, mənzil-istismar, əşya və digər xidmətlər üzrə mövcud olan çatışmazlıq və qanunsuz silinmələrə görə dövlətə ümumilikdə 166 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Kişiyev qeyd edib ki, bundan öncə verilmiş açıqlamalarda Əliyevin Təlim və Tədris Mərkəzinin balansında olan dövlət əmlakını mənimsəyərək talaması, bir qrup işçilərə əsassız olaraq pul mükafatlarının ödənilməsi, ona verilmiş xidməti mənzilə, öz vəzifə səlahiyyətindən sui-istifadə edərək, Mərkəzin mənzil komissiyasına qanunsuz göstəriş verməklə göndərtdiyi məktuba əsasən yeni order alması və bunun ardınca Mərkəzin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş binanın 114,5 kv.m yaşayış sahəsini zəbt etməsi, habelə Mərkəzin bir nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunu döyərək fiziki təhqir etməsi faktlarına bir daha toxunmağa lüzum görmür və hesab edir ki, ictimaiyyətə bu haqda verilmiş məlumatların təfsilatına təkrarən varmağa ehtiyac yoxdur.

İdarə rəisi deyib ki, Əliyev törətdiyi cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və istintaq zamanı yuxarıda göstərilən onun qanunsuz hərəkətləri şahid ifadələri və digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilib.

"Blə bir şəraitdə general-mayor Lənkəran Əliyevin hal-hazırda özünü "haqsızlığın qurbanı" kimi təqdim etməyə çalışması heç də təəccüblü deyil və yalnız təəssüf hissi doğurur. Təəssüf hissi ona görə doğurur ki, general hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır",- Nazirlik rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti