...

Bakıda Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 3 May 2012 14:25 (UTC +04:00)
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar Mətbuat Şurası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsi "dəyirmi masa" keçirib.
Bakıda Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar Mətbuat Şurası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsi "dəyirmi masa" keçirib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi haqqında danışıb.

O qeyd edib ki, Azərbaycanda müstəqil jurnalistikanın 20 illik tarixi var. Bu illər ərzində Azərbaycanda müstəqil jurnalistikanın inkişafı istiamətində mühüm addımlar atılıb.

Beynəlxalq Mətbuat İnstitutunun hesabatını açıqlayan Rəhimoğlu qeyd edib ki, bu ilin 4 ayı ərzində dünyada 35 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Ötən il isə həlak olan jurnalistlərin sayı 105-ə çatıb. O deyib ki, bu onu göstərir ki, dünyada söz və mətbuat problemləri gündəlikdə duran məsələdir.

Daha sonra tədbirdə çıxış edən Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı haqqında danışıb.

O vurğulayıb ki, bu illər ərzində Heydər Əliyevin qərarı ilə 1998-ci ildə senzura aradan qaldırılıb, KİV-in inkişafı üçün maliyyə dəstəyi ayrılıb, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Səfərli mətbuat işçilərinə - jurnalistlərə fəxri adların verilməsi ənənəsinin yenidən bərpa olunmasını da mühüm addım kimi qeyd edib.

Tədbir Azərbaycan mətbuatının problemləri, uğurları və keçdiyi inkişaf yolları haqqında çıxışlarla davam etdirilib, müxtəlif təkliflər səslənib.

Xəbər lenti

Xəbər lenti