...

Azərbaycanda buraxılış və qəbul imtahanları birləşdirilə bilər

Cəmiyyət Materials 4 May 2012 16:41 (UTC +04:00)
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev cümə günü Trend-ə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təklifi daxil olsa, bu məsələ qanunvericiliklə öz təsdiqini tapacaq.
Azərbaycanda buraxılış və qəbul imtahanları birləşdirilə bilər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda orta məktəblərin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev cümə günü Trend-ə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təklifi daxil olsa, bu məsələ qanunvericiliklə öz təsdiqini tapacaq.

"Məzunlar bir dəfə imtahan verməklə həm orta məktəbi bitirməsi barədə attestat alarlar, həm də həmin topladıqları bala görə universitetlərə qəbul oluna bilərlər. Bu, bizim də, məzunların da ürəyincə olar", - o deyib.

Hacıyev qeyd edib ki, "Təhsil haqqında" qanun müzakirə olunan zaman bu məsələ qaldırılmışdı, lakin texniki imkanların olmaması səbəbindən reallaşmadı.

"Lakin indi artıq TQDK-nın bu sahədə imkanları da genişlənib, təcrübəsi də böyükdür. Hesab edirəm ki, onların artıq həm texniki imkanları, həm də fiziki imkanları var ki, bu məsələni həll etsinlər", - komitə sədri deyib.

Onun sözlərinə görə, TQDK Milli Məclisə müraciət etsə ki, hər iki imtahanı birləşdirmək üçün bütün imkanları var, bu məsələ qanunvericilik baxımdan öz həllini tapa bilər.

Hacıyev istisna etməyib ki, hazırda müzakirə edilən "Ali təhsil haqqında" qanunda bu məsələyə baxılsın. O qeyd edib ki, hazırda işçi qrupu səviyyəsində bu qanun işlənilir və bu ilin payız sessiyasında qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib.

Xəbər lenti

Xəbər lenti