Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə universitetin 17 fakültəsi müxtəlif gül kompozisiyaları və incəsənət nümunələri nümayiş etdiriblər.
Tədbirdə çıxış edən BDU rektoru Abel Məhərrəmov deyib ki, iştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Onun sözlərinə görə, Gül bayramında nümayiş olunan bütün stendlər bir-birindən fərqlənir.
"Bütün fakültələr öz istedadlarını bu tarixi günə yönəldiblər. Stendlərin hamısı yüksək keyfiyyətə malikdir", - rektor qeyd edib.
Məhərrəmov Gül bayramında iştirak edən tələbələr tərəfindən hazırlanmış bütün stendləri yüksək qiymətləndirib. O, bütün stendləri qalib kimi gördüyünü bildirib. Rektor stendlərin hazırlanmasında əziyyət çəkən bütün tələbələrin mükafatlandırılacağını da söyləyib.
Daha sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində ulu öndər Heydər Əliyevin 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi keçirilib. Sərgidə ümummilli liderin həyat və yaradıcılığının bütün istiqamətlərini əks etdirən 300-dən artıq Azərbaycan, ingilis, türk, rus və ərəb dillərində nəşrlər sərgilənib.
Tədbirdə, həmçinin monitor vasitəsilə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş elektron kitabların təqdimatı və Heydər Əliyev və Azərbaycan dövlətçiliyi sənədli materiallar toplusunun nümayişi olub.