Mayın 11-də Bakıda, Neftçilər prospektində, Qız qalasının yanındakı boş sahədə "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Beyin" əsəri təqdim edilmişdir.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA əsəri haqqında məlumat verərək demişdir:
- Axşamınız xeyir, əziz qonaqlar.
Bu gün sizə təqdim etdiyim əsər "Beyin" adlanır. Qarşınızda ürək heykəli olsa da, əsərimin qayəsi bir tərəfdən hisslər və zəka arasında ziddiyyəti vurğulamaq, digər tərəfdən emosional və rasional cəhətlərimizin vəhdətini göstərməkdir.
Heykəltəraşlıq əsərinin mərkəzi fiquru öz beynini udan insandır ki, bu da hisslərin zəka üzərində qələbəsini göstərir. Bunun yaxşı, yoxsa pis olduğunu deyə bilmərəm. Yəqin ki, hər birimiz həyatda bircə dəfə olsa da belə güclü hisslər keçirmişik.
Zənnimcə, hiss və zəka vəhdətdədir, hərçənd bəzən bizə elə gəlir ki, emosional hərəkətlər düşüncəsizlik kimi görünsə də, intuisiya və qəlbimizin səsi həyat yolumuzda bizə çox kömək edir.
Bu əsəri yaratmağıma bir söhbət əsnasında eşitdiyim belə bir fikir təkan vermişdir ki, biz bəzən qərar və seçimizi uzun-uzadı düşünüb, ölçüb-biçsək də, bunun cavabı təhtəlşüurumuzda olur. Rasional və qeyri-rasional təhtəlşüurumuz bizə bu yeganə seçimi təlqin edir. Həmin seçim doğru olmaya da bilər. Lakin bu, həmin anda və həmin vəziyyətdə bizə lazım olan yeganə seçimdir.
Ola bilsin, bu heykəltəraşlıq əsərinə baxanda sizdə tamamilə başqa hisslər yaranacaqdır və bu yaxşı haldır. Mənim üçün başlıcası budur ki, aranızda biganə insanlar olmasın.
Bügünkü dəstəyə görə hamınıza minnətdarlığımı bildirirəm və bu qədər müxtəlif, lakin yaradıcılığa eyni dərəcədə vurğun olan insanları birləşdirmiş bu layihəni yaradan Aidaya xüsusi təşəkkürümü bildirirəm.
Əsərlə tanış olarkən biz "Beyin" obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə Ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, Beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.
Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran "Beyin" art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan əvvəl IX əsrdə Urmiya gölünün sahilində yaranmışdır. Bu dövlətin mərkəzi şəhəri İzirtu olmuşdur. Mannanın əmələ gəlməsi - tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan əvvəl 321-ci ildə əsası qoyulan və VII əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynamışdır. Sasani dövlətinin ərəblər tərəfindən işğalı nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilmişdir. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlamışdır. Onlardan biri Şirvanşah-Məzyədi dövləti olmuşdur.
1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdür.
Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında Şirvanşahların rolu danılmazıdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırmış, ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını inşa etdirmişdir. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsilə qalaya içməli su çəkdirmiş, karvansaraların tikintisinə diqqət yetirmişdir. Azərbaycan ərazisində parçalanma dövründə, 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı şəhəri olmaqla Bakı xanlığının əsası qoyulmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünya siyasəti ixtisası üzrə təhsil almışdır. O, həmçinin "Baku" jurnalının təsisçisi kimi də Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda "Qız qalası" İkinci Beynəlxalq incəsənət festivalında, "Ön söz" - "YARAT! Müasir İncəsənət Məkanı" tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilmişdir.
2012-ci ildə Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında və Parisin məşhur Salomon de Rotşild malikanəsində keçirilmiş "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Onun müəllifi olduğu "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə geniş tamaşaçı auditoriyasının qəlbinə yol tapır.
"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.