Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin hərbi çağırışdan möhlət alınmasına dair məsələlərlə bağlı müraciətlərinə aydınlıq gətirib.
Komissiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas məktəblərinə ərizə qəbulunun gedişində vətəndaşlar tərəfindən hərbi çağırışdan möhlət alınmasına dair TQDK-ya çoxsaylı müraciətlər edilir.
TQDK bununla əlaqədar olaraq bildirir ki, Azərbaycanda hərbi çağırışla bağlı bütün məsələlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə daxildir.
Qəbul qaydalarına əsasən, ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirmiş 18 yaşı tamam olan (1994 cü il iyulun 30-na qədər anadan olmuş), 35 yaşınadək olan çağırışçıların ali və orta ixtisas təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayış və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.