...

Azərbaycanın bəzi çaylarında daşqın gözlənilir

Cəmiyyət Materials 15 May 2012 12:36 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır.
Azərbaycanın bəzi çaylarında daşqın gözlənilir

Azərbaycan, Bakı, 15 may / Trend müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, gözlənilən yağışlarla əlaqədar çaylarda sululuq artacaq. Bəzi ərazilərdə yağışların intensiv olacağı proqnozlaşdırılır. Bununla əlaqədar dağ çaylarında, xüsusilə Böyük Qafqazın cənub yamacındakı çaylarda qısamüddətli daşqınlar da ola bilər.

Verdiyev bildirib ki, dağ çaylarında sululuğun artması Kürə də öz təsirini göstərəcək. Amma hazırda Kür çayında suyun səviyyəsi çox az olduğundan bu artım çayın səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək.

Verdiyev Kür çayının səviyyəsinin ötən illə müqayisədə xeyli aşağı olduğunu da qeyd edib. O bildirib ki, Sabirabadda Kürün hazırkı səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 metr 30 sm, Salyanda 3 metr 20 sm aşağıdır.

Hazırda Kürün Yevlax məntəqəsində çayın maksimal dərinliyi 4 metr 27 sm, Zərdab məntəqəsində 5 metr 43 sm, Sabirabad məntəqəsində 5 metr 59 sm, Salyan məntəqəsində 8 metr 50 sm-dir.

Xəbər lenti

Xəbər lenti