Azərbaycan, Bakı, 15 may / Trend müxbir M.Əliyev/
Milli Məclisin Regional məsələlər komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, "Nətavan" qəsəbəsinin adının "Natəvan" adlandırılması plenar iclasa tövsiyə olunub.
Komitədə həmçinin "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklər müzakirə edilib.
Qanun layihəsində təklif olunub ki, sözügedən qanunvericilik aktının 18-ci maddəsinə və 25-ci maddəsinə dəyişikliklər edilsin.
Sözügedən qanunun 18-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir.
Həmçinin, bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumatlar verirlər.
Adı çəkilən qanunun 25-ci maddəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilir ki, bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır.