...

Azərbaycanda distant təhsil üzrə internet portalın təqdimatı olub

Cəmiyyət Materials 23 May 2012 18:36 (UTC +04:00)
Bakıda 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.
Azərbaycanda distant təhsil üzrə internet portalın təqdimatı olub

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, millət vəkili Kamilə Əliyeva, ali məktəb rektorları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, orta məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

Mərdanov Azərbaycanın təhsil sistemində daha bir yeni və uğurlu addımın atılmasından məmnunluğunu bildirib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilə cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən nazir bu layihənin müsbət cəhətlərindən söz açıb.

Təhsil naziri layihənin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Layihənin uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə edən Misir Mərdanov bu istiqamətdə görüləsi işlərin çox olduğunu bildirib.

Tədbir iştirakçıları məktəbdə yaradılmış Distant Təhsil Mərkəzi ilə tanış olub və məsafədən tədris olunan dərs prosesini izləyiblər. Mərkəzin metodist-eksperti Roza Qasımova www.mesafedenmekteb.edu.az internet portalı haqqında təqdimat keçirib.

Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və elektron resurslardan istifadə bacarıqlarının artırılmasını təmin etməkdən ibarətdir.

Layihə çərçivəsində 30 şagird və 7 müəllimə heyəti "Apple" şirkətinin istehsalı olan "Macbook" noutbukları verilib və şagirdlərin evlərdən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması təmin olunub. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik internet bağlantıları ilə təchiz olunub. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün informasiya-kommunikasiya texnologiyaları avadanlığından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb.

Xəbər lenti

Xəbər lenti