...

Dövlət TQDK-ya əlavə maliyyə vəsaiti ayıracaq

Cəmiyyət Materials 25 May 2012 12:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə ərazisində imtahanların təşkilinə əlavə maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət edib.
Dövlət TQDK-ya əlavə maliyyə vəsaiti ayıracaq

Azərbaycan, Bakı, 25 may / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə ərazisində imtahanların təşkilinə əlavə maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət edib. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin dövlət büdcəsindən TQDK-ya ayrılmış maliyyə vəsaiti 100 min nəfər üçün imtahanın keçirilməsini nəzərdə tutub. Amma artıq imtahan verəcək kontiginentə 250 min şagird də əlavə edilib.

"Bizə 900 min manat vəsait ayrılmışdı. Biz artıq maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət etmişik. Bu məsələ müsbət həll olunacaq", - komissiya sədri əlavə edib.

Abbaszadə buraxılış imtahanları verəcək və imtahan mərkəzlərindən kənarda yerləşən məktəblərin şagirdlərinin imtahan mərkəzinə gətirilmə xərclərini açıqlayıb.

O deyib ki, Azərbaycanda mövcud olan 4500 məktəbdən 2500-ü kənd məktəbidir. TQDK şagirdlərin buraxılış imtahanlarına gətirilməsi üçün kənd məktəblərinin rəhbərliyi ilə müqavilələr imzalayacaq.

Abbaszadə bildirib ki, imtahan mərkəzlərindən 5 km məsafədə yerləşən məktəblərin şagirdləri imtahana valideynləri ilə və ya özləri gələ bilərlər. 5 km-dən 30 km-ə qədər məsafədə yerləşən məktəblərdə hər 20 nəfər şagirdə 1 nəfər təhkim olunacaq. Həmin şəxslə müqavilə bağlanaraq ona 42 manat yol pulu ödəniləcək. İmtahan mərkəzlərindən 30-50 km məsafədə yerləşən məktəblər üçün bu məbləğ 73 manat, 50 km-dən uzaq məsafədə yerləşən məktəblər üçün isə hər 20 şagirdə 105 manatdır.

Xəbər lenti

Xəbər lenti