Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/
Gəncədə Cavad xanın heykəli ucaldılacaq.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə bildirib ki, artıq heykəlin hazırlanması ilə bağlı tender elan olunub.
"Rus imperiyasına qarşı ailəsi ilə birlikdə sonacan mübarizə aparan Cavad xan hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Heykəldə Cavad xan at belində təsvir olunacaq", - Vəliyev bildirib.
Abidənin Gəncənin Şəmkir istiqamətindən girişi hissəsində qoyulması nəzərdə tutulub. Cavad xanın son döyüşü o zamanlar "Quru qobu" adlanan bu ərazidə baş verib. Abidə üçün həmin ərazidə üç hektar yer ayrılıb. Ərazidə heykəllə yanaşı, park və istirahət guşəsinin yaradılması da nəzərdə tutulub.
Vəliyev Gəncədə aparılacaq digər quruculuq işləri barədə də məlumat verib.
Onun sözlərinə görə, şəhərdə Nizami Gəncəvi, Məhsəti Gəncəvi muzeyləri tikiləcək, ətrafında park salınacaq. Gəncə Filarmoniyasının yeni binasının tikintisinə başlanılıb.
Vəliyev həmçinin qeyd edib ki, Gəncədə 801 tarixi əhəmiyyətli bina aşkar olunub ki, onlar da bərpa edilərək qorunması üçün Mədəniyyət və Turizm Nazirliyinə təhvil veriləcək.
Şəhər İcra Hakimiyyətinin başçısı Gəncə çayı ətrafında salınacaq bulvar barədə də məlumat verib. Onun sözlərinə görə, şəhər ərazisində çay boyu salınacaq park öz əsrarəngiz təbiəti ilə seçiləcək və ümummilli lider Heydər Əliyevin adını daşıyacaq.