Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel və may ayları ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib.
Trend çərşənbə günü nazirliyin rəsmi saytına istinadən bildirir ki, 5 hotel dövlət təsnifatından keçib və onlara müvafiq "ulduz" kateqoriyası verilib.
"The Crown Hotel" mehmanxanasına "dörd", "Consul" mehmanxanasına "üç", "Hilton Baku" mehmanxanasına "beş", "Royal" mehmanxanasına "dörd", "İron" mehmanxanasına "beş" ulduz verilib. Bu mehmanxanaların hamısı Bakıda fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda Azərbaycandakı 508 mehmanxana və mehmanxana tipli obyektin 336-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 72-si "ulduz" kateqoriyası alıb.
Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 22-si "beş ulduzlu"dur. Onların ikisi Qəbələdə, 1-i Naftalanda, 2-si Naxçıvan Muxtar Respublikasında, qalanları isə Bakıdadır.
Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 33-ü "dörd", 15-i "üç", 1-i "iki", 1-i "bir ulduzlu"dur.