...

Azərbaycanda rezidenturaya qəbul qaydaları açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2012 16:03 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları açıqlanıb.
Azərbaycanda rezidenturaya qəbul qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) cümə günü Trend-ə verilən məktəbə görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq.

İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcılığı müsabiqə zamanı əsas kimi qəbul ediləcək və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların siyahısında birinci olana yerləşdiriləcək.

Müsabiqə namizədin iki mərhələdə keçirilən imtahandan topladığı ümumi bal əsasında aparılacaq.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı, ixtisas fənləri üzrə isə testdən toplanılan bal nəzərə alınacaq.

Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində Səhiyyə Nazirliyinə (SN) təqdim etməklə qeydiyyatdan keçməlidir.

Namizədin bu müddət ərzində SN-də qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti