...

Bu il Azərbaycanda hər gün təxminən 500 uşaq dünyaya gəlib

Cəmiyyət Materials 9 İyul 2012 15:37 (UTC +04:00)
Azərbaycanda 2012-ci ilin birinci yarısında 86,4 min, gündə isə təxminən 475 körpə doğulub.
Bu il Azərbaycanda hər gün təxminən 500 uşaq dünyaya gəlib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-ci ilin birinci yarısında 86,4 min, gündə isə təxminən 475 körpə doğulub.

Dövlət Statistika Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub. Cari ildə doğulan körpələr üçün 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş ömür uzunluğu gözlənilir.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9294 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 107 nəfər olub.

Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşür.

Yanvar-iyun aylarında ölkədə 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 və 1,2) qalıb. 2012-ci ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,1 min nəfər ölkədən gedib.

Xəbər lenti

Xəbər lenti