...

Bakıda keçidlərdən istifadə etməyən piyadaların nəzərinə

Cəmiyyət Materials 28 İyul 2012 12:39 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Bakı şəhərində piyadaların qayda pozuntularının qarşısını almaq məqsədilə tədbirlərin gücləndirilməsinə dair xüsusi əmr imzalayıb.
Bakıda keçidlərdən istifadə etməyən piyadaların nəzərinə

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Bakı şəhərində piyadaların qayda pozuntularının qarşısını almaq məqsədilə tədbirlərin gücləndirilməsinə dair xüsusi əmr imzalayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, şəhər üzrə ümumi qeydə alınan yol qəzalarında piyadaların vurulması çoxluq təşkil etdiyindən, yol polisi bu istiqamətdə reydlərə başlayıb.

Əsədovun sözlərinə görə, təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər nazirinin xüsusi əmrinə əsasən, post-patrul xidmətinin 110 nəfərdən ibarət əməkdaşı xidmət üçün BŞDYPİ-ə ezam edilib.

Onun sözlərinə görə, tədbirlər çərçivəsində Bakıda yeraltı və yerüstü piyada keçidi yaxınlığında xidmət aparan post-patrul və yol polisi əməkdaşları təyin olunmayan yerlərdən keçən piyadaları inzibati qaydada məsluyyətə cəlb edir.

Əsədov deyib ki, son 3 gün ərzində 300-dən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb olunub.

İlin əvvəlindən bu günə kimi isə Bakıda 5000-dən artıq qayda pozuntusuna yol verən piyada inzibati məsuliyyətə cəlb edilib.

Əsədov qeyd edib ki, bu gün Bakının "Beşmərtəbə" dairəsində, Azadlıq və Azneft meydanlarında, İnşaat prospektində, 28 May küçəsində, Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində nəzarət gücləndirilib və qayda pozuntusuna yol verən piyadalar məsuliyyətə cəlb olunacaq.

Onun sözlərinə görə, piyadalara təhlükəsizlik davranış qaydalarının aşılanması üçün Bakıda tədbirlər davam etdiriləcək. Hazırda Bakı ərazisində 50-yə yaxın yeraltı və yerüstü piyada keçidləri yaxınlığında xidmət aparılır.

Yol polisi müraciət edir ki, piyadalar nizam-intizamlı olsun, yaxınlıqdakı keçidlərdən istifadə etsinlər.

Qeyd edək ki, Bakı şəhərində ümumi yol qəza hadisələrin 52 faizi piyadaların vurulması halıdır.

"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsini pozan piyadalar İnzibati Xətalar Məcəlləsinin 153.1-1-ci maddəsinə müvafiq olaraq 20 manat məbləğində cərimə edilir.

Xəbər lenti

Xəbər lenti