Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Cəfərov/
İran parlamentinin Urmiyadan olan nümayəndəsi Nadir Qazipur bu gün parlamentin iclasında çıxış edərək dövlət televiziyasında ötən axşam yayımlanan yumor verlişi tənqid edib.
"Həmvətənlərimizin bir çoxunun evləri dağılıb, əzizləri həlak olub. Belə olduğu halda dövlət televiziyası ötən gecə yumor verilişləri yayımladı. Bu nə qədər düzgündür?", - Qazipur deyib.
Digər parlament nümayəndəsi Yunis Əsədi də öz çıxışında bildirib ki, "digər ölkələr Vərzəqan, Həris və Əhərdə baş verən zəlzələ ilə bağlı bizə başsağlığı verir, lakin bizim dövlət televiziyamız gülüş bazarı açıb. Onlar bu əməllərinə görə utanmalıdırlar".
O deyib ki, Şərqi Azərbaycan əyalətində matəm elan olunduğu bir vaxtda dövlət televiziyasının rəsmilərinin bu cür "gülüş bazarı açmasına" qarşı parlament ölçü götürməlidir.
İran parlamentinin spikeri Əli Laricani İranın dövlət televiziyasının rəsmirlərinə xəbərdarlıq edib və bildirib ki, televiziya rəsmiləri bu cür hallarda bəzi verilişlərin yayımını dayandırmalıdırlar: "Zəlzələ bölgəsində olan vətədaşlarımız ölkənin hər bir yanında onların dərdlərinə şərik olunduğunu duymalıdırlar".