...

ASAİF-in X Beynəlxalq Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2012 16:54 (UTC +04:00)
Bu gün, avqustun 18-də “Marriott Abşeron” hotelinin konfrans zalında Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 10-cu ənənəvi Bakı Forumu keçirilib. Tədbirdə nazir müavinləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektor nümayəndələri iştirak ediblər.
ASAİF-in X Beynəlxalq Forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir E.Mehdiyev/

Bu gün, avqustun 18-də "Marriott Abşeron" hotelinin konfrans zalında Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 10-cu ənənəvi Bakı Forumu keçirilib. Tədbirdə nazir müavinləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən forumun Təşkilat Komitəsinin sədri Orxan Səfərzadənin sözlərinə görə, forumda 528 nəfər iştirak edir. Forumda ASAİF-in son iki illik fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

ASAİF-in sədri Orxan Əkbərov təşkilatın 2010-2012-ci ildə gördüyü işlərlə bağlı hesabat verib. Onun sözlərinə görə, təşkilatın fəaliyyətində əsas diqqət Dağlıq Qarabağ probleminə yönəldilib.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxışında ASAİF-in üzvlərinə uğurlar arzulayıb. O qeyd edib ki, müasir dövrdə xaricdə təhsil alma prosesi daha da genişlənərək inkişafa qədəm qoyur.

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin sözlərinə görə , ASAİF-in gördüyü işlər göz qabağındadır. Bundan sonra daha çox çalışmaq lazımdır ki, Azərbaycan həqiqətlərini bütün dünyaya nümayiş etdirək.

Təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, inkişaf etmiş ölkələrin səviyyəsinə baxdıqda onların uğurunun heç də təbii kapital yox, insan kapitalı olduğunu görərik. Xaricdə təhsil almaq heç də sadəcə elm almaq məqsədi deyil, bu həm də yeni mədəniyyətlə, yeni məlumatlarla tanış olmaq deməkdir.

Millət vəkili Ceyhun Osmanlı da öz çıxışında xaricdə təhsil alan gənclərlə bağlı təşkilatların yaradılığını, lakin ASAİF-ə rəqib olan heç bir təşkilatın olmadığını vurğulayıb. O qeyd edib ki, görülən işlər bu təşkilatın hər kəsin maraq nöqtəsində olduğunu göstərir. Çünki burada 600-ə yaxın tələbə var. "ASAİF müasirlik, elm, gənclik, diaspordur. Bununla yanaşı ən əsası isə burada gənclər bir araya gəlib biri-birilərini daha yaxından tanıma şansı qazanır, bir komandada birləşirlər. Bu çox müsbət bir haldır".

Millət vəkili Asim Mollazadə diqqətə çatdırıb ki, müasir demokratik ölkədə yaşamaq istəyimiz bu gənclərin uğurlarından asılıdır. "Hər bir gəncdə məsuliyyət hissi olmalıdır. Həmçinin təhsil sistemi də uğurlu aparılmalıdır. Təhsil sistemi olmayan dövlət heç bir uğura imza ata bilməz".

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz çıxışında bütün tələbələrə uğurlar arzulayıb və bu yolda onlarla hər zaman əməkdaşlıq edəcəyini bildirib.

TÜRKPA-nın baş katibi Ramil Həsənov gəncləri təbrik edərək, fəaliyyətlərində uğurlar arzu edib.

Sonda ASAİF-in seçkili orqanlarına seçkilər keçirilib. Seçki prosesində növbəti iki il ərzində təşkilatın Mərkəzi Nəzarət Təftiş Komissiyası, Katibliyi formalaşıb.

Təşkilatın X Bakı Forumunda ASAİF-in sədrliyinə namizədlər Vüsal Qurbanov və Ramin Həkimov çıxış ediblər.

Vüsal Qurbanov çıxışında namizədliyini Ramin Həkimovun lehinə geri götürüb. Daha sonra keçirilmiş səsvermədə Ramin Həkimov səs çoxluğu ilə növbəti 2 il üçün ASAİF-in yeni sədri seçilib. O bildirib ki, ASAİF dünyanın 40 ölkəsində təhsil alan azərbaycanlı tələbələri birləşdirən ailədir.

Xəbər lenti

Xəbər lenti