...

Mətbuat Şurasında "Azernews" qəzetinin 15 illik yubileyi münasibətilə "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2012 15:00 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında "Azernews" qəzetinin 15 illik yubileyi münasibətilə "dəyirmi masa" təşkil olunub.
Mətbuat Şurasında "Azernews" qəzetinin 15 illik yubileyi münasibətilə "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasında "Azernews" qəzetinin 15 illik yubileyi münasibətilə "dəyirmi masa" təşkil olunub.

Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan müstəqilliyini əldə etməzdən əvvəl və sonra çoxsaylı beynəlxalq təpkilərlə üzləşirdi. Həmin dövrdə ölkəmizlə bağlı informasiya blokadası yaranmışdı. Həqiqətlərimiz dünya ictimaiyyətinə müxtəlif qrup və mənafelərin prizmasından çatdırılırdı. "Azernews" qəzeti məhz belə bir məqamda həqiqətləri çatdırmaq üçün meydana atıldı.

"Nəşrin qurucusu, hamımızın yaxından tanıdığı, görkəmli jurnalist, publisist, yazıçı Fazil Abbasovun fədakar əməyini qeyd etməyi vacib sayıram. O, ötən 15 ildə qəzeti hər cür çətinliklərdən çıxardı, ayaqda saxladı", - deyən Amaşov hazırda "Azernews" qəzetinin təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da böyük populyarlıq qazandığını vurğulayıb.

Amaşov bildirib ki, Azərbaycanın ilk ingilisdilli nəşri olan "Azernews" qəzeti ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayıb. Elə bu xidmətlərinə görə və 15 illik yubileyi münasibətilə Mətbuat Şurası adından qəzet diplomla təltif edilib.

"Azernews" qəzetinin qurucusu, yazıçı-publisist Fazil Abbasov nəşrin 15 illik fəaliyyəti barədə danışarkən qeyd edib ki, Azərbaycanla bağlı dünyada informasiya blokadasının yarılması və həqiqətlərin düzgün şəkildə yayımlanması, həmçinin Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyaraq dünya ictimaiyyətini məlumatlandırmaq qəzetin əsas prioritetlərindən olub. Qəzetin qurucusu qeyd edib ki, "Azernews"un yaranması elə bir dövrə təsadüf edib ki, müxtəlif xarici şirkətlər və qruplar ölkəmizdə öz maraqlarını təmin etməyə, missionerlik fəaliyyəti göstərməyə çalışırdılar, bunun üçün ingilisdilli mətbuatı öz tərəflərinə çəkməyə cəhd göstərirdilər. Lakin "Azernews" qəzeti Azərbaycanın milli və dövlətçilik maraqlarından sapmayaraq heç bir qüvvənin təsiri altına düşmədi.

"Həmin illər çox təlatümlü bir mərhələni təşkil edirdi. Azərbaycana kənardan təsir cəhdləri özünü aşkar göstərirdi. Bu təsirlər həm də ideoloji müstəvidə idi. Ölkəmizə xaricdən gələn təşkilatlar, qurumlar özləri ilə müəyyən mənada missioner funksiyası daşıyan media orqanlarını da gətirirdilər. Burada da onlar üçün işləyənlər az deyildi. Belə bir məqamda tam obyektiv sözə ehtiyac var idi. "Azernews", eləcə də ana dilində çıxan "Azərxəbər" qəzeti ötən 15 ildə bu işi həyata keçirməyə çalışdı. Dünya ictimaiyyətini Azərbaycanla əlaqədar dürüst, qərəzsiz informasiyalarla təmin etdi", - o deyib.

Abbasov həmçinin deyib ki, "Azernews" qəzetindən sonra ingilis dilində bir neçə qəzetlər də nəşrə başladılar, lakin onlar qısa zamanda bağlandılar: "Azernews" qəzeti isə artıq özünə nüfuz və reklam bazarı qazanmışdı. Ona görə də "Azernews" öz peşəkarlığı və qazandığı imkanları sayəsində qəzet bazarında davam gətirdi", - Abbasov bildirib.

O, qəzetin fəaliyyətində rolu olmuş tanınmış ictimai xadimlərin də adlarını qeyd edərək, "Azernews"un təcrübə baxımından böyük bir yol keçdiyini dedi.

"Azərnews" qəzetinin baş redaktoru Sevil Mikayılova rəhbərlik etdiyi qəzetin bugünkü fəaliyyəti və gələcək planları barədə danışıb.

"Biz sadəcə, Azərbaycanda olan ingilisdilli auditoriyaya xitab etmirik. Planlarımız beynəlxalq aləmdə daha çox tanınan və qəbul olunan nüfuzlu mətbu orqana çevrilməkdir. Bu məqsədlə redaksiya heyəti yenidən formalaşdırılıb, ingilis dilini mükəmməl bilən, siyasət və iqtisadiyyat sahəsində ixtisaslaşan gənc kadrlar işə cəlb olunub. Biz bu kadrların xaricdə beynəlxalq jurnalistika mərkəzlərində təhsil almasını da planlaşdırırıq", - Mikayılova deyib.

Onun sözlərinə görə, qəzetin çap formatı yenilənib, tirajı artırılıb. Bununla yanaşı, beynəlxalq praktikaya uyğun olaraq, qəzetin internet versiyası da inkişaf etdirilir. Artıq qəzetin yeni saytı onlayn rejimdə fəaliyyət göstərir.

Baş redaktor deyib ki, "Azernews"un auditoriyasının ingilisdilli olmasını nəzərə alaraq, ən son texnologiyalar əsasında iPad versiyası xaricdə hazırlanıb və oxucuların ixtiyarına verilib.

"Eyni zamanda, mobil telefonların əksəriyyətində istifadə olunan Android platformasının media bölümündə Azərbaycanı təmsil edən yeganə qəzet "Azernews"dur. Hazırda Beynəlxalq Qəzet Assosiyasına üzvlüklə bağlı danışıqları bitirmişik və təşkilatın bildirdiyinə görə, "Azernews" hələlik bu təşkilata Azərbaycandan üzv olacaq ilk və yeganə qəzet olacaq. Qeyd etmək istərdim ki, qəzetin tam kapitalizasiyasını təmin etmək üçün kommersiya şöbəsi yaradılıb və bu qurumun işinin faydalı olacağını düşünürük. Qəzetin menecmentliyini gücləndirməyi, gəlirlərini artırmağı planlaşdırırıq. Bunun üçün qəzetimiz yerli və beynəlxalq reklam şəbəkəsinə fəal şəkildə qoşulub", - Mikayılova deyib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli isə çıxışında qeyd edib ki, əcnəbi dildə mətbu nəşr buraxmaq asan iş deyil və bunun üçün böyük zəhmət sərf olunub. O, qəzetin çap formatına diqqət çəkərək qeyd edib ki, İngiltərədə nüfuzlu qəzetlərin formatına uyğun çap olunan "Azernews" Azərbaycanın ciddi, nüfuzlu bir nəşridir.

"Azərbaycanda dünya mediasına çıxmaq ehtiyacı həmişə hiss olunub. Azərbaycanın kütləvi informasiya vasitələrinin beynəlxalq media qurumları ilə qarşılıqlı iş mühitinin təməli məhz "Azernews" qəzeti ilə qoyulub", - professor bildirib.

Koreyanın Azərbaycandakı səfirliyinin Müşaviri Kim Conq-ho isə "Azernews"u 15 illik yubileyi münasibətilə təbrik edərək qəzetə fəaliyyətində daha böyük uğurlar arzu edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Ahmed Doğan "Azernews"un ingilisdilli nəşr kimi fəaliyyətinin əhəmiyyətini qeyd edib.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, 15 illik fəaliyyət bir qəzet üçün böyük bir yoldur və dünyaya çıxmaq, ölkəsini xaricdə təmsil etmək isə onun ən böyük üstünlüyüdür. Rəhimzadə "Azernews"un PDF formatda internet vasitəsilə dünyanın hər bir yerində oxunmasını da yüksək qiymətləndirib.

"Zaman - Azərbaycan" qəzetinin baş direktoru Süleyman Ünal da çıxışında bildirib ki, "Azernews" qəzeti sərhədləri aşması ilə Azərbaycan üçün öz əhəmiyyətli rolunu oynayır.

"Xalq" qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu "Azernews" qəzetinin böyük çətinliklərlə ərsəyə gəldiyinə şahid olmasından danışıb. O, problemlərə baxmayaraq, nəşrin ara vermədən davamlı olaraq çap edilməsini yüksək qiymətləndirib.

"Ən mötəbər yerlərdə, əcnəbilərin daha sıx olduğu məkanlarda "Azernews" qəzetini həmişə görürük və bu, bizi sevindirir", - Aydınoğlu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən digər qonaqlar da "Azernews" qəzetinin 15 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq qəzetin fəaliyyətini dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti