...

Azərbaycan tarixinə dair iki maraqlı fakt aşkarlanıb

Cəmiyyət Materials 27 Sentyabr 2012 15:14 (UTC +04:00)
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan həmvətənimiz, tədqiqatçı Həsən Cavadi tariximizə dair iki maraqlı material aşkarlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna göndərib.
Azərbaycan tarixinə dair iki maraqlı fakt aşkarlanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan həmvətənimiz, tədqiqatçı Həsən Cavadi tariximizə dair iki maraqlı material aşkarlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna göndərib.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, bunlardan biri Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan və ingilis dillərində çap edilmiş bu səfərnaməni Cavadi fars dilinə tərcümə edib. Əsərdə XVI əsrin ortalarında Səfəvilər dövlətində, Anadolu və Gürcüstanda siyasi, iqtisadi vəziyyət, baş vermiş bəzi tarixi hadisələr, ölkənin mədəniyyəti, yerli adət-ənənələr, Təbriz, Ərdəbil, Marağa şəhərləri barədə maraqlı məlumatlar var. "Səfərnamə"nin dilimizə tərcüməsi XVI əsr tariximizin öyrənilməsinə töhfə ola bilər.

İkinci material surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutu kitabxanasından götürülmüş Şah İsmayıl Xətainin bir fərmanıdır. Burada Səfəvi hökmdarı Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin edib. Fərman "Əbülmüzəffər sözümüz" başlığı altında verilib.

"Əbülmüzəffər" I Şah İsmayılın ləqəbi olub. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında "sözümüz" yazılması çox diqqətəlayiqdir, Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini bariz şəkildə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki "buyuruq" sözünün işlədildiyini görürük. Hicri tarixlə 917-ci il rəbiüləvvəlin 7-sində, miladi tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, qeyd etdiyimiz kimi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətləndəndir", - institutdan əlavə edilib.

Xəbər lenti

Xəbər lenti