...

Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib

Cəmiyyət Materials 1 Oktyabr 2012 16:29 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılmış araşdırma zamanı bir neçə fakt üzrə sahibkarların vergidən yayındığı aşkara çıxarılıb.
Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılmış araşdırma zamanı bir neçə fakt üzrə sahibkarların vergidən yayındığı aşkara çıxarılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, belə ki, 1953-cü il təvəllüdlü, Bakı şəhəri sakini, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 12 ünvanında yaşayan, "Vüsal-R" şirkətinin rəhbəri Tağıyev Musa Həsən oğlu Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 77.3, 78.1, 103.1, 104.1, 152.1, 177.1.3 və 180.1-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif edilmiş məlumatlar daxil etməklə 37 min 496,73 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb. O, şirkətin qeydiyyatda olduğu 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim etdiyi ƏDV bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını göstərib, mənfəət vergisinin bəyannaməsində əldə etdiyi gəlirin məbləğini az göstərməklə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törədib.

İş üzrə ittiham aktı Baş Prokurorluqda təsdiq olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Digər cinayət əməli 1970-ci il təvəllüdlü, Bakı şəhəri sakini, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli 11/15, mənzil 10 ünvanında yaşayan Nağıyev Musa Asəf oğlu tərəfindən törədilib. O, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə "Qlobal N.M.A." (VÖEN 2901516601), "TNT LTD" (VÖEN 2901515531), "Fox Com" (VÖEN 2901515941) və "Pronto LTD" (VÖEN 2901525661) məhdud məsuliyyətli cəmiyyətlərini təsis edərək onlara rəhbərlik edib və bu müəssisələrin mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, 78 min 608,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. Nağıyev 2 saylı ƏVİ-də qeydiyyata alınıb, təqdim edilən vergi bəyannamələrində təsisçisi və rəhbəri olduğu "Qlobal N.M.A" MMC üzrə 4 min 98,94 manat, "TNT LTD" MMC üzrə 5 min 225,66 manat, "Fox Com" MMC üzrə, "Pronto LTD" MMC üzrə isə 3 min 952,46 manat, 3 min 77,54 manat məbləğində sadələşdirilmiş verginin miqdarını azaldaraq xeyli miqdarda vergidən yayınmaya yol verib. O, "TNT LTD", "Fox Com" və "Pronto LTD" MMC-lər üzrə ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizə verməyə borclu olduğu halda, bunu etməyib və müvafiq olaraq büdcəyə ödənilməli 4 min 275,08 manat, 19 min 525,42 manat və 35 min 175,64 manat məbləğində əlavə dəyər vergisini və 3 min 277,62 manat məbləğində hüquqi şəxslərin mənfəət vergisini büdcədən yayındırıb, beləliklə də CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törədib.

Cinayət işi üzrə 25 sentyabr 2012-ci il tarixdə ittiham aktı tərtib edilib və baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti