Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Bu gün Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda seminar-treninq öz işini başa çatdırıb.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirin 2-ci günü "Dini icmalar: problemlər, reallıqlar və gözləntilər" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərlərinə düşən vəzifələrdən geniş söz açıb. Qeyd olunub ki, bir çox hallarda icmaların üzləşdikləri problemlər bilavasitə onların hətta nizamnamələri ilə dolğun şəkildə tanış olmamaqlarından irəli gəlir.
"Nümunəvi dini icma modeli" movzusunda çıxış edən Zaqatala rayonu Cobankol kənd məscidi dini icmasının rəhbəri Məhəmməd Nurullayev və "Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə" mövzusuna nəzər salan İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirləri ilə bölüşüb, gənclərin tərbiyəsində üzərlərinə düşən vəziflərdən danışıblar.
"Mötədillik: əsasları və prinsipləri" mövzusunda çıxış edən f.d. Elşad Mahmudov bu prinsipləri Quran ayələri və hədislər əsasında seminar iştirakçılarının nəzərinə çatdırıb. O, bildirib ki, bu yoldan istənilən sapmalar islam əsasları ilə ziddiyyət təşkil edir.
Daha sonra iştirakçılar f.d. Rafiz Manafovun "Vəhdət naminə məzhəblərarası dialoq" mövzusunda nitqini dinləyiblər. O, Azərbaycanda ənənəvi olaraq müxtəlif din və məzhəblərin ardıcıllarının əminamanlıq şəraitində yaşadıqlarını vurğulayıb, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırıb.
"Vətənpərvəlik və milli-mənəvi dəyərlərimiz" plenar iclası çərçivəsində seminar iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli filmlə tanış olublar.
Tədbirin bağlanışında çıxış edən DQİDK-nın sədri Elşad İskəndərov şəhid Mübarizin timsalında hər bir Azərbaycan vətəndaşının dövlətçiliyin möhkəmlənməsindəki mövqeyinin, işğal olunmuş torpaqların geri qaytarılmasına hər an hazır olmasının vacibliyindən danışıb. O, din xadimlərinə müraciət edərək, üzərlərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmələri üçün bütün imkanlarını səfərbər etməyə çağıraraq qeyd edib: "Dini icmalar vətənpərvərlik işində nümunəvi yerdə olmalıdırlar"
Seminarın sonunda iştirakçılar bölgə üçün birgə fəaliyyət planını qəbul ediblər. Sənəddə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dovlət-din sahəsindəki siyasət dəstəklənib, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının zəruriliyi vurğulanıb.