Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda çoxavazlı, yüksək tonlu səs siqnallarından istifadə edən, həmçinin lüzumsuz olaraq siqnal verən avtobus sürücülərinin məsuliyyətə cəlb edilməsi üçün tədbirlərə başlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu məqsədlə dünəndən Nəqliyyat Nazirliyi ilə birgə reydlərə başlanılıb.
Dünən keçirilən reyd zamanı 6 avtobus sürücüsü inzibati qaydada cəzalandırılıb. Əsədov deyib ki, bu faktlar daha çox fiziki şəxslərə məxsus avtobuslarda müəyyən edilib.
Avtobusların səs siqnallarının paytaxt əhalisinin ciddi narahatlığına səbəb olduğunu qeyd edən bölmə rəisi bildirib ki, səs siqnallarından lüzumsuz yerə istifadə olunması, çox avazlı və yüksək tonlu səs siqnallarının quraşdırılması inzibati məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinə görə, belə avtomobillərdə səs siqnalları məhkəmənin qərarı ilə çıxarılır və sürücü 100 manat məbləğində cərimələnir.