Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası tərəfindən hazırlanan "Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması" layihəsinin təqdimatı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaş cəmiyyətlərinin, müvafiq dövlət orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əlilliyi olan şəxslərin əmək qabiliyyətli hissəsinin məşğulluğunun təmin olunması sahəsində vəziyyət və bu sahədə görülən işlər müzakirə olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndər Mustafayev əlilliyi olan insanların məşğulluğunun təminatı ilə bağlı dövlət siyasəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda (2006-2015-ci illər), həmçinin "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nda (2007-2010-cu illər), digər dövlət proqramlarında əlilliyi olan şəxslərin əmək bazarına çıxışının təmin olunması ilə bağlı konkret tədbirlər nəzərdə tutulub. Bunlara əlilləri işlə təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi, bu kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi, kvotaya əməl etməyən müəssisələrə qarşı sanksiyaların müəyyən edilməsi, onların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və s. daxildir.
Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planını"nın 2.8-ci bəndində isə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan insanların əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə də vətəndaş vətəndaş cəmiyyəti qurumları ilə sıx əməkdaşlıq edir. Nazirlik yanında fəaliyyət göstərən İctimai Şura bununla bağlı həm qanun layihələrinin və digər normativ hüquqi aktların hazırlanmasında, həm də maarifləndirmə işlərində fəal iştiraka cəlb olunub.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, əlilliyi olan şəxslərin məşğulluğuna dair Xorvatiya təcrübəsini əks etdirən film nümayiş olunub.