...

BDU-nun Hesablama riyaziyyatı kafedrasının 50 illiyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 13:10 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) fundamental elm mərkəzlərindən, müasir elmi tələblərlə səsləşən kafedralarından biri olan Hesablama riyaziyyatı kafedrasının yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib.
BDU-nun Hesablama riyaziyyatı kafedrasının 50 illiyi qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universitetinin (BDU) fundamental elm mərkəzlərindən, müasir elmi tələblərlə səsləşən kafedralarından biri olan Hesablama riyaziyyatı kafedrasının yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

Trend-in cümə axşamı verdiyi məlumata görə, BDU-nun rektoru Abel Məhərrəmov deyib ki, kafedra riyaziyyat elminin yeni istiqamətlərindən biri olan hesablama riyaziyyatının respublikada inkişaf etdirilməsi, bu elm sahəsinin nailiyyətlərinin istehsalata tətbiqi məqsədilə yaradılıb.

Məhərrəmovun sözlərinə görə, 1965-ci ildə Voronej Dövlət Universitetində işləyən professor Yəhya Məmmədov kafedraya rəhbərlik etmək üçün Bakıya dəvət edilib. Bu illər ərzində hesablama riyaziyyatı bir elm kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hazırda kafedraya professor Qalina Mehdiyeva rəhbərlik edir.

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, Azərbaycanda artıq böyük proqramçılar ordusu yetişib. Azərbaycanda hesablama riyaziyyatının geniş inkişaf etdiyini deyən nazir ölkədə artıq yerli informasiya texnologiyaları məhsullarının istehsal edildiyini qeyd edib. Abbasov kafedraya bir neçə ədəd İPOD da hədiyyə edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə deyib ki, fəaliyyət göstərdiyi 50 il ərzində bu kafedra Azərbaycanın müxtəlif təşkilatlarına yüksək səviyyəli mütəxəssislər göndərib.

Komissiya sədri bu kafedranın məzunlarının özlərinə ən yüksək səviyyəli yerlərdə iş tapmalarını arzu edib.

Tədbirdə Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva kafedranın yarım əsrlik tarixi haqqında danışıb. Onun sözlərinə görə, bu kafedra dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, kafedranın əməkdaşları nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxış ediblər. Mehdiyeva deyib ki, son zamanlar kafedranın maddi-texniki bazası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub, onun nəzdində 6 auditoriyada yerləşən hesablama laboratoriyaları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti