Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Bakıda konstruksiyasına dəyişiklik edilmiş Rusiya istehsalı olan 16 avtomobil cərimə meydançasına aparılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün yol polisi əməkdaşları paytaxtın Neftçilər, Hüseyn Cavid, Azadlıq prospektlərində, Azneft və 3-cü mikrorayon dairələrində, Teymur Əliyev küçəsi və digər istiqamətlərdə reydlər keçiriblər.
Reydlər zamanı yol hərəkəti qaydalarını pozan 50-dən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.
Əsədovun sözlərinə görə, reydlər zamanı konstruksiyasına dəyişiklik edilmiş "VAZ 2106", "VAZ 2107" və "Niva" markalı 16 avtomobil hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.
Texniki baxışdan keçməyən 9, çoxavazlı, yüksək səsli səs siqnalları quraşdırılmış 4, polisin qanuni tələbinə tabe olmayan 3, müddəti başa çatmış tranzit dövlət nömrə nişanı daşıyan 9, pərdə-plyonkalı 11 avtomobil saxlanılıb, sürücüləri inzibati qaydada cərimələniblər.
Polis reydləri davam etdirir.
Əsədov bildirib ki, reydlər zamanı sürücülər İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni əlavə və dəyişikliklərlə bağlı məlumatlandırılıblar.