...

Böyük tarixi qələbələrin ekranlaşdırılması

Cəmiyyət Materials 5 Dekabr 2012 15:17 (UTC +04:00)

Arzu Nağıyev - Trend-in icmalçısı

Ölkə və onun tarixinin təbliğatında yaxşı ssenari əsasında çəkilmiş gözəl bir filmin rolu danılmazdır. Bu nəzəriyyə bir daha 10-cu Osmanlı padşahı Sultan Süleyman Qanuninin həyatından bəhs edən və Türkiyə kino sənətinin son illərdə ən populyar tarixi serialı olan "Möhtəşəm yüz il" teleserialı qismində öz təsdiqini tapmaqdadır.

Əlbəttə ki, söhbət heç də filmin araşdırılmasından getmir. Məlumdur ki, serial hətta Türkiyənin ən yüksək dairələri tərəfindən tənqidə məruz qalıb. Türkiyə rəhbərliyi serialdakı Sultan Süleymanı tanımadığını bəyan edib və hətta belə bir əcdadlarının olmadığını bildirib, Qanuninin ömrünün 30 ilinin at belində səfərlərdə keçdiyini, türk dəyərləri ilə oynayanlara isə qanun çərçivəsində ən yaxşı dərs verilməsini istəyib.

Bir sıra Azərbaycan tarixçiləri də serialda Azərbaycan tarixi ilə bağlı məqamların düzgün təqdim edilmədiyini qeyd ediblər.

Lakin bütün bu irad və tənqidlərə baxmayaraq, sosial şəbəkələrdə bu serialın pərəstişkarlarını birləşdirən on minlərlə iştirakçının yaratdığı qruplar mövcuddur. Film 42 ölkədə 150 milyon tamaşaçı tərəfindən seyr edilir. Serialın satışından isə Türkiyə milyonlarla dollar gəlir əldə edir.

Gözəllik tərənnümü, geyimlər, aktyor ustalığı, süjet xətti tamaşaçıları o qədər valeh edir ki, onlar artıq "tarixi səhvlər" axtarmağa macal tapmır və hətta qəddarlıqlara belə haqq qazandırırlar.

2012-ci ildə Türkiyəyə gələn turistlərin sayı keçən illə müqayisədə 5 milyon nəfərdən çox artıb və bunun filmə maraqla əlaqəli olması da istisna deyil. 2011-ci ildə bu rəqəm 36 milyon nəfər olub və ölkə büdcəsinə 23 milyard dollar gəlir gətirib. Çox maraqlıdır ki, hətta serialda sultan xanımlarının gəzdirdikləri bahalı daş-qaş və qiymətli metaldan olan bəzək və zinət əşyalarının oxşarlarının hazırlanması üçün verilən sifarişlər nəticəsində zərgərlərin gəlirləri də nəzərəçarpaçaq dərəcədə artıb.

Serialın müsbət tərəfləri çox olsa da, tənqid də az deyil.

Serial siyasi məsələləri də yada salmaqda davam edir. Türkiyə rəhbərliyi Fransanın "erməni soyqırımı"nı cinayət kimi qanuniləşdirmək istəyini pisləyərkən məhz Sultan Süleymandan sitat gətirmişdi və bir daha tarixi yada salmışdı.

Yəni özünün Osmanlı nəslindən olduğuna görə fəxr hissi duyması ilə yanaşı, təbliğat forması kimi tarixi əks etdirən ssenarilər əsasında çəkilmış və çəkilməsinə ehtiyac duyulan seriallar vasitəsilə də təşviqə düzgün yanaşmaq lazımdır.

Gələcəyə ümidlə baxaraq qeyd etmək lazımdır ki, Azərbaycanın tarixdə böyük qələbələrini əks etdirən və Sultan Süleyman Qanuni haqqında çəkilmiş tarixi serial qədər məşhurlaşan bir ekran əsərimizin layiqli tamaşaçılarına çevrilməyimiz zamanının artıq vaxtıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti