...

Azərbaycanda tələbələrə verilən güzəştlər artırılır

Cəmiyyət Materials 9 Yanvar 2013 10:18 (UTC +04:00)
Azərbaycanda yeni paylanılan tələbə kartlarının sahiblərinə güzəştlər tətbiq edəcək iaşə obyektlərinin siyahısı genişləndirilir.
Azərbaycanda tələbələrə verilən güzəştlər artırılır

Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda yeni paylanılan tələbə kartlarının sahiblərinə güzəştlər tətbiq edəcək iaşə obyektlərinin siyahısı genişləndirilir.

Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov Trend-ə bildirib ki, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Xəzər İnvestisiya Mərkəzi tərəfindən hazırlanan kartlara güzəştli xidmətə artıq dəftərxana ləvazimatları mağazaları, geyim dükanları, gözəllik salonları, idman müəssisələri, turizm agentlikləri, tibb mərkəzlər, o cümlədən bir sıra stomatoloji klinikalar qoşulublar. "Güzəştlər həmçinin restoranlar, kafelər, klublar, fast food məntəqələrində də olacaq", - Hüseynov deyib.

Tələbələr üçün güzəştlər iaşə obyektindən asılı olaraq 20, 40, 50 faizə qədər olacaq.

Hüseynov bildirib ki, Avropa ölkələrində olduğu kimi tələbələrin ictimai nəqliyyatdan istifadə haqlarında endirim əldə etməsi üçün Azərbaycanda vahid nəqliyyat ödəniş sistemi mövcud olmalıdır. "Marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunduğu təqdirdə metro və və avtobuslar üçün də tələbələrə güzəştli gediş haqqı tətbiq etmək olar", - sektor müdiri deyib.

"European Youth Card" (EYCA) diskont kartlarının ("tələbə kartı") paylanılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir və ilk tələbə kartları 2012-ci il dekabrın ortalarından paylanılıb. "Countdown" diskont sisteminin kartlarının sahibləri Azərbaycanın ali təhsil müəssisələrinin, orta ixtisas təhsil müəssisələrinin 197 minə yaxın tələbəsi olacaq. Kartların tələbələrə paylanılması mart ayına kimi yekunlaşmalıdır.

"Countdown" sistemi 34 ölkədə fəaliyyət göstərir və dünyada 100 000-dən çox xidmət müəssisələrində 3%-dən 50%-ə qədər güzəştlərdən yararlanmağa imkan verir. Avropada 1970-ci ildən fəaliyyət göstərir. Dünyanın ən iri diskont sisteminin tərəfdaşları sırasına fast foodlar, səyahət agentlikləri, mehmanxanalar, gözəllik salonları, avtomobil icarəsi, səhiyyə obyektləri və digər çoxsaylı xidmət müəssisələri daxildir.

Hüseynov bildirib ki, Azərbaycanda bu ilin mart ayına kimi bütün tələbələr vahid tələbə kartı ilə təmin olunacaqlar.

Onun sözlərinə görə, proses yekunlaşandan sonra ölkədə 197 min tələbədə vahid kart olacaq.

"Kartlar həm ali təhsil müəssisələrinin, həm də orta ixtisas təhsil müəssisələrinin tələbələrinə paylanılır", - sektor müdiri deyib.

Hüseynov qeyd edib ki, proses bir qədər gecikib, bunun da səbəbi bir sıra təhsil müəssisələrinin öz tələbələri barədə məlumatların ötürülməsində yol verdikləri ləngimələr, həmçinin birinci kursda təhsil alanların sənədlərinin toplanması ilə bağlı olub.

Sektor müdiri qeyd edib ki, tələbə kartları Avropa ölkələrində 9-15 avroya başa gəlirsə, Azərbaycan tələbələri üçün bu kartlar pulsuz verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti