...

2012-ci il ərzində DSMF-yə vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalıb

Cəmiyyət Materials 15 Yanvar 2013 12:17 (UTC +04:00)
2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması təmin edilib.
2012-ci il ərzində DSMF-yə vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması təmin edilib. Ümumilikdə il ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Trend-ə bildirib ki, ötən il daxil olan müraciətlər arasında əvvəlki illərlə müqayisədə daha çox pensiya və müavinətlərin hesablanması, pensiyanın azlığı istiqamətində müraciətlərin sayı azalıb. Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanmasının həyata keçiriliməsi bu istiqamətdə müraciətlərin 2012-ci ildə azalmasına gətirib çıxarıb.

Vətəndaşların suallarının cavablandırılması həm də Fondun "190" nömrəli mərkəzi çağrı sistemi vasitəsilə həyata keçirilib. 2012-ci il ərzində telefon məlumat xidmətinə daxil olan müraciətlərin 47,6 faizi bilavasitə pensiya məsələlərinə aid olub.

Müraciətlərin 21,73 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 30,6 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə əlaqədar olub.

İctimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi DSMF özünün internet saytı (www.sspf.gov.az, www.dsmf.gov.az) vasitəsilə də əhalini maraqlandıran sualları cavablandırmaqda davam edib. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın "Sual-cavab" altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib.

2012-ci il ərzində DSMF-nin internet saytının "Sual-cavab" altqrupuna vətəndaşlar tərəfindən ünvanlanan sualların 33,9 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 25,8 faizi sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, "Sual-cavab" altqrupuna göndərilən sualların 14,7 faizi hərbi qulluqçulara dair pensiya və müavinətlərə, 9,9 faizi isə fərdi uçotla bağlı olub.

Sualların 14,8 faizi isə altqrupun "digər" bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın "qonaq" bölməsinə daxil olan elektron məktublar isə müraciətlərin 0,9 faizinı əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti