Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/
Son illər iqtisadi münasibətlərin intensiv inkişafı digər dövlətlərə və ictimai sahələrə də təsirsiz ötüşməyib. Bu sahələrdən biri də məhkəmələr, dolayısı ilə isə məhkəmə praktikasıdır. Məlum olduğu kimi, son zamanlar müxtəlif dəyişikliklərə məruz qalan əsas qanunlarımızdan biri də İnzibati Xətalar Məcəlləsidir (İXM).
Məhkəmələrimiz tərəfindən bu məcəllə əsasında icraatın aparılması işində müsbət təcrübənin formalaşmasına baxmayaraq, qanunun uğurlu tətbiqi ilə bağlı müəyyən problemlər də yaşanır. Bu isə ilk növbədə sahibkarların azad kommersiya fəaliyyəti ilə məşğul olmalarına maneələr yaradır. Bundan əlavə, sahibkarlara tətbiq edilən cərimələrin məbləğinin nisbətən yüksək olması onlar üçün vəziyyəti daha acınacaqlı edir.
Bakı Hüqüq Mərkəzinin (BHM) direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov bildirib ki, qeyd olunan problemlər əsasən bir sıra inzibati orqanlar tərəfindən ticarət obyektlərində yoxlamaların aparılması nəticəsində tətbiq edilən inzibati tədbirlərdən (əsasən cərimələr) sahibkarların məhkəmələrə verdikləri şikayətlərlə bağlıdır.
Onun sözlərinə görə, inzibati orqanların ticarət obyektlərinə tətbiq etdiyi cərimələr əsas etibarilə sanitar-gigiyena normalarına riayət edilməməsi, saxlama müddəti ötmüş məhsulların satılması və s. ilə bağlıdır ki, buna görə də İXM-də nəzərdə tutulan cərimələrin həddi heç də aşağı deyil: "Etiraf etməliyik ki, ticarət dövriyyəsi o qədər də böyük olmayan obyektlər üçün belə cərimələrin məbləği kifayət qədər yüksək hesab oluna bilər. Nəzərə alsaq ki, indiki halda ölkə üzrə ticarət obyektlərinin əksəriyyəti kiçik market və dükanlardan ibarətdir, onda bu, xırda və orta sahibkarlığın işinə ciddi təhdiddir".
Bağırovun sözlərinə görə, cərimələrin hansı həddə seçilməsi və ya ondan azad olunma ilə bağlı qanun məhkəmələrə mühüm səlahiyyətlər verib. Belə ki, İXM-in 21-ci maddəsinə əsasən, məhkəmə törədilmiş inzibati xətanın az əhəmiyyətli olması ilə bağlı tətbiq ediləcək cəriməni daha yüngül cəza ilə əvəz edə və ya həmin şəxsi məsuliyyətdən azad edə bilər. "Məsələn, yuxarıda göstərilən nümunədə məhkəmə ticarət obyektinə dair 1500-2000 manatlıq cərimənin məbləğini azalda və ya onu ləğv edə bilər. Lakin unutmaq lazım deyil ki, hakimin cəzanı yüngülləşdirməsi üçün xətanı törətmiş şəxsin əməli ilk dəfə etməsi və həmin əməlin heç bir ağır nəticələrə səbəb olmaması vacib şərtdir. Yalnız belə olan halda hakim "cərimə"ni "xəbərdarlıq" cəzası ilə dəyişə bilər. İlk dəfə törədilmiş əmələ görə hakim tərəfindən cəzanın tətbiq edilməsi zamanı "xəbərdarlığ"ın seçilməsi bəlkə də daha düzgün olardı. İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsində "xəbərdarlıq" cəzasına yalnız "hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbir" kimi tərif verilib", - Mərkəz rəhbəri deyib.
Vəkil qeyd edib ki, Azərbaycan qanunvericiliyində bu cəza növünün tətbiqi şərti İXM-də göstərilməyib, yəni hakimin cəzanı yüngülləşdirərkən hansı halda məhz "xəbərdarlığ"ı tətbiq etməli olduğu barədə heç nə deyilmir: "Bu isə məhkəmə təcrübəsində boşluqların yaranmasına səbəb olur. Halbuki, Rusiyanın analoji qanunvericiliyində bu məsələ öz həllini aşağıdakı kimi tapıb: "Xəbərdarlıq ilk dəfə törədilmiş və cəmiyyətə, dövlətə heç bir zərəri dəyməyən və ona təhdid törətməyən əmələ görə tətbiq olunur...". Əslində bu problem MDB ölkələrinin əksəriyyətinin (Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna və s.) qanunvericiliklərində mövcuddur. Hesab edirəm ki, AR İXM-ə də analoji əlavənin edilməsi qeyd olunan boşluğun doldurulmasında, həmçinin məhkəmə praktikasında baş verə biləcək anlaşılmazlıqların aradan qaldırılmasında faydalı ola bilər".