Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/
Fövqəladə Hallar Nazirliyində (FHN) BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüş olub.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk ilə görüşüb.
Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin, FHN ilə BMT-nin müvafiq qurumları arasındakı ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib. Nazir FHN ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.
Bruk isə aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
Görüş zamanı FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin icrasının gedişatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.