...

Ramil Usubov: Ötən il 45 yol polisi daxili işlər orqanlarından xaric olunub

Cəmiyyət Materials 19 Yanvar 2013 17:49 (UTC +04:00)
Daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Ramil Usubov: Ötən il 45 yol polisi daxili işlər orqanlarından xaric olunub

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

DIN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən nazir bildirib ki, daxili işlər orqanlarının mühüm xidmət sahəsi olan yol polisinin üzərinə düşən əsas vəzifələrdən biri yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qoruması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

"Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq il ərzində baş vermiş ağır yol-nəqliyyat hadisələrində ölənlərin sayının artması ciddi narahatlıq doğurur", - nazir deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov geniş məruzə ilə çıxış edərək DYP əməkdaşları tərəfindən ümumilikdə il ərzində 1 milyon 21 mindən çox yol hərəkəti qaydalarının pozulması, o cümlədən sürət həddinin aşılması üzrə 133,197, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 29,466, ötmə qaydalarının pozulması üzrə 23,101, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17,912, sərnişindaşıma qaydalarının pozulması üzrə 5,014 fakt aşkar edildiyini bildirib. Hesabata görə, ötən il respublikanın avtomobil yollarında 2892 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1168 nəfər həlak olub, 2997 nəfər isə yaralanıb.

Qeyd olunub ki, ötən il respublikada nəqliyyat vasitələrinin sayı 103 min artsa da, baş vermiş yol-nəqliyyat hadisələrinin sayı əvvəlki illə müqayisədə cəmi 2 fakt, həlak olanların sayı 152 nəfər artıb, yaralananların sayı isə 34 nəfər azalıb.

Zeynalov deyib ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 86,3%-i (2496) sürücülərin qayda pozmaları, o cümlədən 30,2%-i (874) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,1%-i (757) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıхma, 8,3%-i (242) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,3%-i (96) nəqliyyat vasitələrinin sərхoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Qəzaların 36,8%-ni (1065) piyadaların vurulması təşkil edib, nəticədə 393 piyada həlak olub, 749-u yaralanıb.

Müşavirədə çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin diqqətini Prezidentin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında sərəncam"ına yönəltmiş və sərəncamdan irəli gələn vəzifələrin diqqətlə öyrənilməsini və icrasını tələb edib.

Nazir yol qəzalarında insan ölümünün qarşısının alınması məqsədilə hadisələrin əsas səbəblərinə, habelə nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsində mühüm amillərdən olan yol hərəkətinin düzgün təşkilinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı daha ciddi mübarizənin aparılması və bu sahədə prinsipiallıq göstərilməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Əməkdaşların iş şəraitinin və sosial problemlərinin həlli məsələlərinin daim nəzarətdə saxlanıldığını qeyd edən daxili işlər naziri hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hallara da yol verilməsinin mövcudluğundan narahatlığını bildirib. Bunun nəticəsidir ki, təkcə ötən il ərzində 694 əməkdaş, o cümlədən 67-si korrupsiya hüquqpozmalarına görə cəzalandırılıb, 45 əməkdaş DİO-da xidmətdən xaric olunub, 17 nəfər isə tutduğu vəzifədən azad edilib.

Eyni zamanda, general-polkovnik Ramil Usubov ağır xəsarətlə, xüsusən də ölümlə nəticələnən qəzaların daha az olması, onların sayının minimuma enməsi üçün bir daha bütün vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edərək yol hərəkəti qaydalarına riayət etmələrinin vacibliyini bildirib, bu sahədə maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti