...

AMEA xaricdə müdafiə olunan elmi işlərin keyfiyyətindən narazıdır

Cəmiyyət Materials 23 Yanvar 2013 14:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyətindən çox narahat olduğunu bildirib.
AMEA xaricdə müdafiə olunan elmi işlərin keyfiyyətindən narazıdır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyətindən çox narahat olduğunu bildirib.

Trend-in məlumatına görə, Əmiraslanov bölmənin 2012-ci il üzrə hesabatına həsr edilmiş tədbirdə cıxış edərkən deyib ki, əvvəllər doktorluq dissertasiyasının yazılıb müdafiə edilməsinə daha çox vaxt sərf edilirdi.

"Xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər", - Əmiraslanov qeyd edib.

O bildirib ki, həmin şəxslər hətta Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının tərkibinə də düşürlər.

"Özü dissertasiya yazmamış adam Müdafiə şuralarında təmsil olunur. Bunlar artıq həqiqi işlərə rəy verirlər. Bizim faciəmiz bundan ibarətdir. Şübhəsiz, belə işlər var", - akademik katib deyib.

Əmiraslanov bildirib ki, tibb elmləri üzrə dissertasiya işləri çox ciddi şəkildə yoxlanılır. Bu sahə üzrə elmi işlər Müdafiə Şurasına təqdim edilməmişdən əvvəl gizli rəyə verilir.

"Biz xüsusi qurum yaratmışıq. Bu qurum dissertasiyanı gizli rəyə göndərir. Hətta şuraların sədrləri deyirlər ki, siz bizim hüquqlarımızı pozursunuz. Elmi işlər bizə gələnə qədər siz onları ayrı yerə göndərirsiniz. Biz elmi işin keyfiyyətinin necə olduğunu iş Elmi Şuraya geməzdən qabaq bilməliyik. Biz demirik ki, işi geri qaytarmışıq. Deyirik ki, əgər hər hansı çatışmazlıq varsa, gedib onu düzəltsinlər", - rektor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti