...

Musa Qasımlı: İranın İrəvandakı Göy məscidə iddiasının heç bir tarixi və hüquqi əsası yoxdur

Cəmiyyət Materials 1 Fevral 2013 11:35 (UTC +04:00)
İran rəsmisi İrəvandakı Göy məscidin YUNESKO-nun mədəni irs siyahısına salınması üçün Ermənistana dəstək verəcəklərini açıqlayıb.
Musa Qasımlı: İranın İrəvandakı Göy məscidə iddiasının heç bir tarixi və hüquqi əsası yoxdur

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

İran rəsmisi İrəvandakı Göy məscidin YUNESKO-nun mədəni irs siyahısına salınması üçün Ermənistana dəstək verəcəklərini açıqlayıb.

Millət vəkili, tarixçi, professor Musa Qasımlı Trend-ə açıqlamasında bildirib ki, İrəvandakı Göy məscidin İrana heç bir aidiyyatı yoxdur.

Onun sözlərinə görə, məscid Azərbaycanın tarixi, maddi mədəniyyət abidəsidir. Ermənistanın Azərbaycana təcavüzü başlayan zaman erməni tərəfi həmin məscidi bağlamışdı. Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə Ermənistan tərəfə I Vazgenə müraciət etdi, lakin həmin məscid açılmadı.

Azərbaycan tərəfi SSRİ Nazirlər Soveti yanında dini işlər üzrə nümayəndəyə müraciət etdi. Həmin nümayəndə I Vazgenə müraciət etdi. Lakin məscid yenə də açılmadı. Daha sonra isə bütün azərbaycanlılar Ermənistandan qovuldu və məscid də bağlı qaldı.

"Məscidə İran tərəfinin iddiasının heç bir tarixi-hüquqi əsası yoxdur. Bu fikirlər onu göstərir ki, İran tərəfinin belə bir iddiası var. Ermənistanda azərbaycanlılara məxsus bütün tarix və mədəniyyət abidələri, demək olar ki, dağıdılıb. Qalan bəlkə də bircə bu məsciddir. Bu məscid Azərbaycan abidəsidir", - Qasımlı qeyd edib.

Bununla bağlı Ermənistan ərazisindəki tarixi, mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar Azərbaycan tərəfinin vaxtilə BMT-də və YUNESKO-da məsələlər qaldırdığını xatırladan millət vəkili hesab edir ki, Azərbaycan diplomatiyası müvafiq beynəlxalq qurumlarda həmin məscidin vəziyyəti ilə bağlı məsələni yenidən qaldırmalıdır.

Xatırladaq ki, yanvarın 31-də İran İslam Respublikasının Ermənistandakı səfirilyinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, İrəvandakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Mehrab Şirəvand jurnalistlərə bildirib ki, İran tərəfi İrəvandakı Göy məscidin YUNESKO-nun mədəni irs siyahısına salınmasına görə Ermənistana dəstək verilməsi üçün əlindən gələni edəcək.

Onun sözlərinə görə, Ermənistanın Mədəniyyət Nazirliyi bu istiqamətdə bütün mümkün işləri görür. İran tərəfi isə öz növbəsində regiondakı ən böyük İran mədəniyyət abidəsinin qorunmasına dəstək verir.

Qeyd edək ki, Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilib. Sahəsi 7 min kv.m təşkil edən məscid Qafqazda ən böyük məsciddir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. İkinci Dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq, məscidin 4 minarəsindən 3-ü sökülüb.

Məscid XX əsrdə ermənilər tərəfindən iki dəfə - 1918 və 1955-ci illərdə yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti