...

Depressiya yaradan “bayram”

Cəmiyyət Materials 14 Fevral 2013 09:26 (UTC +04:00)
Son vaxtlar Azərbaycanda gənclər arasında geniş qeyd edilən, ölkəmizin mədəniyyəti, ənənələri ilə, dinimizlə heç bir bağlılığı olmayan 14 feval - "Valentin Günü", başqa sözlə “Sevgililər Günü” insaların depressiyaya düşməsinə, stressdən əziyyət çəkməsinə səbəb olur.
Depressiya yaradan “bayram”

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Son vaxtlar Azərbaycanda gənclər arasında geniş qeyd edilən, ölkəmizin mədəniyyəti, ənənələri ilə, dinimizlə heç bir bağlılığı olmayan 14 feval - Valentin Günü, başqa sözlə "Sevgililər Günü" insanların depressiyaya düşməsinə, stressdən əziyyət çəkməsinə səbəb olur. Bunu Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru, dosent Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, "Valentin Günü"nün xüsusi təmtəraqla qeyd olunması Azərbaycan cəmiyyətinə milli-mənəvi, maddi zərər vurmaqla yanaşı, insanların fərdi narahatçılığına da səbəb olur.

Süleymanlı hesab edir ki, bu gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud "bayram"ın əsl mahiyyətini başa düşdüyü üçün hədiyyə almaq istəməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stress və depressiya yaşamalarına səbəb olur.

Sosioloqun fikrincə, belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirmək bəlkə də sevgiyə vurulan ən böyük zərbədir.

Süleymanlının fikrincə, eyni stres halını "Valentin Günü" yaxınlaşdıqca qarşı tərəfin zövqünə və özünün büdcəsinə uyğun hədiyyə almaq istəyən insanlar da yaşayırlar. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisglli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur.

"Məsələnin bir başqa problematik məqamıni qeyri-leqal əlaqədə olan insanların bu günü hədiyyələrlə və digər mərasimlərlə qeyd etməsi təşkil edir. Bu da başqa əxlaqi problemlərə səbəb olur. Sevgi kimi müqəddəs duyğunun kiçik və yaxud böyük maddi qazanca görə istismara məruz qalması çox acınacaqlıdır", deyə sosioloq bildirib.

Bu bayramın son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsinə təəssüflənən sosioloqun fikrincə, bütün dünyada olduğu kimi, Azərbaycanda da "Valentin Günü"nün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər. Bu bayram müəyyən biznes qurumlarının öz gəlirlərinin artırılmasına xidmət edən bayramlardan biridir. Buna görə də özündə xristian dininə məxsus motivləri ehtiva edən "Sevgililər Günü"nü ticarət şirkətlərinin "tələsi" kimi qələmə vermək olar.

Süleymanlının sözlərinə görə, "Valentin Günü" yalnız xristian mədəniyyəti sərhədləri çərçivəsində qalan dünyanın deyil, eyni zamanda qeyri-xristian ölkələrinin də yerli sərmayə qruplarının dəstəyini alıb. Bununla da onlar həmin günün qlobal səviyədə qeyd olunmasına müvəffəq olublar.

Ancaq bununla belə, Süleymanlı bu fikirdədir ki, Azərbaycanda "Valentin Günü"nün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır. Bu məsələdə isə KİV-lər, internet saytları xüsusi fəallıq göstərməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti