...

Azərbaycanda yaşayan əcnəbilərin qeydiyyatında dəyişiklik ediləcək

Cəmiyyət Materials 5 Mart 2013 10:42 (UTC +04:00)
Azərbaycanda yaşayan əcnəbilərin qeydiyyatında dəyişiklik ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb və parlamentin müzakirəsinə verilib.
Azərbaycanda yaşayan əcnəbilərin qeydiyyatında dəyişiklik ediləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yaşayan əcnəbilərin qeydiyyatında dəyişiklik ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb və parlamentin müzakirəsinə verilib.

Yeni qanun layihəsi ilə əcnəbilərin və ya vətəndaşlığı olmayanların Azərbaycanda yaşama müddətində və onların qeydiyyata alınması prosedurunda dəyişikliklər ediləcək.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydası yeni qanunla dəyişdirilir. Belə ki, layihədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası,xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra - "qəbul edən tərəf") 3 iş günü ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

1) viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;

2) viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Layihədə göstərilir ki, 2013-cü il aprelin 1-dək verilən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqələr" etibarlılıq müddətləri bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunur.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar həmin qanunun tətbiqi haqqında Əsasnaməyə də müəyyən əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.

Hər iki sənədin müzakirəsi Milli Məclisin iclasının gündəliyinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti