Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/
Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə 83 yazı təqdim olunub. Onun sözlərinə görə, yazıları 3 qrupda 9 ekspert qiymətləndirib.
Səfərli qeyd edib ki, hər istiqamət üzrə 3 qalibə 1000 manat məbləğində mükafat, bir sıra şəxslərə isə 300 manat məbləğində həvəsləndirici mükafat verilib.
"Gələcəkdə belə layihələrin sayının artırılmasına çalışacağıq", - Fondunun icraçı direktoru deyib.
Qalibləri təbrik edən Səfərli jurnalistlərə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov və digər dövlət rəsmiləri iştirak ediblər.