Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/
Bakıda müxtəlif istiqamətlərdə, prospekt və küçələrdə qlobal layihələr icra olunur.
Trend-in məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov şənbə günü jurnalistlərə açıqlamasında deyib ki, iyul ayında "Gənclik" metrostansiyasının yaxınlığında yeraltı yol qovşağının inşası tamamlanacaq.
Nazir bildirib ki, Bakıda əvvəlcə bu qovşağın açılışı olacaq.
"Eyni zamanda, Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq. Bununla əlaqədar layihələndirmə işləri başa çatıb. Gələn ay ərzində praktiki işlərə başlanacaq. Alternativ prospekt "Gənclik" metrostansiyası istiqamətindən yeni inşa edilən futbol stadionunu əhatə edərək Zabrat yol qovşağına birləşdiriləcək. Bununla da həm Heydər Əliyev prospektinə, həm də Zabrat istiqamətinə birbaşa çıxış və girişə nail olunacaq. Bu da nisbətən şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində hərəkətin sıxlığının azalmasına, eyni zamanda, yeni prospektin yaranmasına gətirib çıxaracaq. Bu, çox qlobal bir layihədir", - nazir bildirib.
Onun sözlərinə görə, bu yol üzərində eyni zamanda Keşlə dəmiryol stansiyası mövcuddur. Stansiyanın üzərindən 1 km 200 m-ə qədər uzunluğu olan yeni körpü inşa ediləcək. Eyni zamanda, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsini birləşdirən istiqamətdə tikilən stadionun arxasından keçmək şərti ilə yeni tunel inşa ediləcək.
Nazir qeyd edib ki, "Şəfa" stadionunun yanında əvvəlcə piyada keçidinin tikilməsi nəzərdə tutulmuşdu. Sonra Prezidentin bu istiqamətdə tapşırığı oldu. Hazırda orada həm də yeni bir nəqliyyat qovşağı yaradılır. Gələn ildən başlayaraq nəqliyyat vasitələri Ziya Bünyadov prospektindan gəlib bu tuneldən keçərək Babək prospektinə çıxa biləcəklər. Bu da Bakının nəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərəcək.
"Bəzi KİV-lər tərəfindən belə fikir səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir, Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində, bu belə deyil. Reallıqda Azərbaycanda ən ucuz yollar tikilir", - Məmmədoy deyib.
Onun sözlərinə görə, lakin layihələr çərçivəsində həddindən artıq ev və obyektlərin köçürülməsi olub. Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər və kommunikasiya xətləri köçürülür: "Bütün bunlar nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda bu qiymət yüksək görünür. Ancaq bunu araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasibdir".