...

Azərbaycan sərhədlərini pozduğuna görə mart ayında 48 nəfər saxlanılıb

Cəmiyyət Materials 5 Aprel 2013 14:37 (UTC +04:00)
Bu ilin mart ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 30 halda 48 nəfər saxlanılıb.
Azərbaycan sərhədlərini pozduğuna görə mart ayında 48 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Bu ilin mart ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 30 halda 48 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 23 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduğu üçün bu ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 8 nəfəri İran, 8 nəfəri Özbəkistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Qırğızıstan, Qazaxıstan və Şri-Lanka vətəndaşları olub.

Mart ayında sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 14 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 208 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində sərhədçilər tərəfindən 10 halda 36 kiloqram 289 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbilər nəticəsində 53 halda ümumi dəyəri təqribən 1 milyon 144 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal kimi 227 ədəd ümumi çəkisi 643 qram olan qızıl boyunbağı, 1060 Azərbaycan manatı, 3700 ABŞ dolları, 130 min İran rialı, 102 ədəd müxtəlif markalı mobil telefon, 1 ədəd pnevmotik tüfəng, 4 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 50 ədəd 16mm-lik patron, 400 qr barıt, 268 ədəd piston, 2 kq qırma, 25 ədəd giliz, 34 baş iribuynuzlu heyvan, 87 ədəd ətir, 5700 metr balıq tutmaq üçün tor, 13 ədəd qayır, 1 ədəd rezin qayıq, 5 ədəd rezin kamer, 1 ədəd qayıq mühərriki, müxtəlif növ dərman preparatları, spirli içki və siqaretlər, sənaye və sənaye və kənd təsərrüfatı malları saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti