Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/
Bəy-gəlin cütlüyünün müşayiətində gedən avtomobillərin yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə dövlət yol polisi əməkdaşları 2013-cü il yanvarın 1-dən bu günədək bu istiqamətdə təsirli tədbirlər həyata keçirib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisi qeyd edib ki, ötən 3 ay ərzində "toy karvanları"nın iştirakçıları arasında Bakıda 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə ölüm olmasa da, hadisələr zamanı 3 nəfər xəsarət alıb.
Yol polisi əməkdaşlarının ilin ilk rübündə bəy-gəlin cütlüyünün müşayiətində iştirak edən sürücülər arasında nizam-intizamın yaradılması məqsədilə keçirdikləri tədbirlər zamanı dövlət nömrə nişanının üzərini bəzən "xoşbəxt olun", "dostum evlənir" və s. yazılı örtüklərlə örtülməsi halları dövlət nömrə nişanının görünməməsi kimi qiymətləndirilir və buna görə artıq 14 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Müşayiət zamanı qoşa xəttin tələbini pozduğuna görə 32, yol ayrıcını keçmə, ötmə, manevretmə qaydalarını pozduğuna görə 61, lüzumsuz olaraq səs siqnalından istifadə etdiyinə görə 53, avtomobili sürətlə idarə edərək kobud manevr etdiyinə görə 23 sürücü, eləcə də müşayiətdə iştirak edərək lüzumsuz olaraq yolun bütöv hərəkət zolaqlarını tutub nəqliyyat vasitələrinin aşağı sürətlə hərəkət etməsinə və tıxacların yaranmasına səbəb olduğuna görə toyun video çəkilişini həyata keçirən operatorun yerləşdiyi 9 avtomobil sürücüsü barədə qanunun tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görülüb.
Əsədov bildirib ki, yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələrin aparılması, onların hərəkəti eyni zamanda yollardakı videokameralar vasitəsilə izlənilməsi tədbirləri davam etdiriləcək.
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalini, avtomobil sahiblərini və sürücülərini, xüsusilə toy sahiblərini yollarda hərəkət zamanı qanunun tələblərinə riayət etməyə və digərlərinin hərəkətinə maneə yaratmamağa çağırır. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, heç bir güzəşt edilmədən, qanunverciliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək," - Əsədov bəyan edib.