...

Azərbaycan və Ukrayna Ali məhkəmələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Cəmiyyət Materials 10 Aprel 2013 10:15 (UTC +04:00)
Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycanda işgüzar səfərdədir.
Azərbaycan və Ukrayna Ali məhkəmələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycanda işgüzar səfərdədir.

Trend Ədliyyə Nazirlyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan Ukrayna Ali Məhkəməsinin sədr müavini Valentin Barbara və onun başçılıq etdiyi nümayəndə heyəti aprelin 9-da Ədliyyə Nazirliyində olub.

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edərək bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb, ölkələrimizin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar daxilində səmərəli əməkdaşlıq etdiyini bildirib. Cəfərov Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin hüquqi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə olduğunu söyləyib.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, müddətsiz təyinatı, onların ən şəffaf prosedurlarla çoxmərhələli seçimi qonaqların marağına səbəb olub, son illər məhkəmə infrastrukuturunun müasirləşdirilməsi üzrə qazanılmış nailiyyətlər məmnunluqla qarşılanıb.

Ukrayna Ali Məhkəməsinin sədr müavini Valentin Barbara isə ölkəsinin məhkəmə sistemi barədə məlumat verərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin tədrisi, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti və digər məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olub.

Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə də görüşüb.

Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu ilin fevralında Ukrayna Ali Məhkəməsinin yaradılmasının 90 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirakını xatırladıb və bu səfərin onda xoş təəssürat yaratdığını xüsusi vurğulayıb. Ali Məhkəmənin sədri Azərbaycan və Ukrayna xalqları arasında vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd edib.

O, Ukrayna və Azərbaycan Prezidentlərinin qarşılıqlı səfərlərinin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, mədəni sazişlərin, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırıb. Ali Məhkəmənin sədri Azərbaycanla dost Ukraynanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulayıb.

Ali Məhkəmənin sədri respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat verib. O, Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbara isə Ukraynada Ali Məhkəmənin fəaliyyət dairəsi barədə danışıb, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzərək hakimlərin iş şəraiti və Məhkəmə Tarixi Muzeyi ilə tanış olublar.

Ukrayna Respublikası Ali Məhkəməsinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti