...

Azərbaycanda təzadlı hava şəraiti ilə bağlı son vəziyyət dəyərləndirildi

Cəmiyyət Materials 17 Aprel 2013 11:59 (UTC +04:00)
Azərbaycan ərazisində aprelin 16-dan başlayaraq davam edən təzadlı hava şəraiti ilə bağlı müvafiq qurumlara xəbərdarlıq edilmişdi. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda təzadlı hava şəraiti ilə bağlı son vəziyyət dəyərləndirildi

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində aprelin 16-dan başlayaraq davam edən təzadlı hava şəraiti ilə bağlı müvafiq qurumlara xəbərdarlıq edilmişdi. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 16-da və 17-nə keçən gecə ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə düşüb. Sinoptiklər həmin ərazidə 18 sm qar örtüyü qeydə alıblar. Qaxın Sarıbaş ərazisində 8 sm, Şəkinin Kiş çayı ərazisində 3 sm, Gədəbəydə 1 sm qar örtüyü qeydə alınıb.

Məlumatda, həmçinin qeyd olunub ki, ən çox yağıntı Ağstafa ərazisinə - 26 mm düşüb. Oğuz-Qəbələdə isə yağıntı 17-18 mm təşkil edib.

Məlumata görə, müşahidə olunan temperatur çoxillik normadan 1-3 dərəcə aşağıdır, lakin rekord göstərici deyil. Belə ki, rekord göstərici 2004-cü ilin aprelin 5-də qeydə alınıb. Həmin gün hətta Bakıya da qar yağıb.

Azərbaycan ərazisində hava şəraitinin ən əlverişsiz dövrü bu gün ərzində olacaq. Aprelin 18-də təzadlı hava şəraiti tədricən səngiyəcək, yalnız bəzi ərazilərdə gecə və səhər saatlarında yağış yağacaq. Temperatur 1-2 dərəcə yüksələcək.

Aprelin 19-da isə Azərbaycan ərazisində nisbətən sabit hava şəraiti olacaq.

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz 9-14, gecə 4-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-dan 18-dək Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın arabir yağıntılı olacağı ehtimal olunur. Gecə saatlarında yağışın bəzi yerlərdə sulu qara və qara keçəcəyi, yağıntının intensiv olacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.

Mərkəzi Aran rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın cənub rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 4-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti