...

Baş nazirin müavini Əli Həsənovdan məcburi köçkünlərə xəbərdarlıq

Cəmiyyət Materials 19 Aprel 2013 13:13 (UTC +04:00)
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərə xəbərdarlıq edib.
Baş nazirin müavini Əli Həsənovdan məcburi köçkünlərə xəbərdarlıq

Azərbaycan, Bakı 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, Həsənov cümə günü jurnalistlərə açıqlamasında deyib ki, bəzi qaçqın və məcburi köçkün ailələri saxta yollarla ev almaq istəyir.

Mətbuat vasitəsilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət etdiyini deyən Həsənov bildirib ki, həmin müəssisələrin yataqxanalarının komendant vəzifələri var.

"Köçürmə prosesinə məruz qalacaq yataqxanaların hamısı 2-3 il əvvəl yoxlanılıb, orada yaşayanların qeydiyyatı aparılıb. Təəssüflər olsun ki, köçürmə zamanı xoşagəlməz hallar ortaya çıxır", - Həsənov deyib.

Baş nazirin müavini qeyd edib ki, son 3-4 ayda məcburi köçkünlər saxta boşanmalar həyata keçiriblər, bəziləri rayonda yaşayan bacı-qardaşını, yaxın qohumlarını öz yanlarına gətirib yerləşdiriblər.

"Onların hamısı indi evlə təmin olunmağı tələb edir. Mən köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Qanunsuz yolla heç bir məcburi köçkün mənzil ala bilməyəcək", - Həsənov vurğulayıb.

Həsənov onu da qeyd edib ki, bu cür qanunsuzluq halları davam edəcəksə və daha ciddi şəkil alacaqsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

"Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə də həmin insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti