Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond 2013-2015-ci illərdə Azərbaycanda İİV proqramının icrasına maliyyə dəstəyi göstərilməsi haqqında qərar qəbul edib. Bunu Trend-ə Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə Sahəsində Beynəlxalq Layihələr üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, bu proqrama uyğun olaraq, bütün QİÇS xəstələri antiretrovirus dərmanları ilıə təmin olunacaqlar.
Komissiyanın sədr müavini bildirib ki, İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond 2005-ci ildən Azərbaycan Səhiyyə Nazirliyinə (SN), eyni zamanda Ədliyyə Nazirliyinə və yerli QHT-lərə İİV xəstəliyinə qarşı mübarizə aparmaqda yardım göstərir. Ancaq Azərbaycan artıq orta inkişaf səviyyəsi olan ölkələr sırasına daxil edildiyi üçün fondun proqramlarında iştirakı, yəni həmin təşkilatlardan Azərbaycanın maliyyə yardımı alması getdikcə məhdudlaşdırılır.
Məmmədov deyib ki, əgər 3 il bundan əvvəl fondun İİV proqramının maliyyələşdirilməsində Azərbaycanın payı cox kicik- 10-20 faiz olduğu halda, gələn ildən ölkəmizin payı 80 faizə çatacaq. Növbəti iki ildən sonra isə proqram tamamilə Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən maliyyələşəcək.
"Bu gün həmin xəstələrin dərmanlarının yarıdan coxunu SN özü alır. Bununla yanaşı, testlər də SN tərəfindən alınır. Lakin müəyyən sosial səfərbərlik, risq, hədəf qruplarının tam müalicəyə çəlb olunması işinə Qlobal Fond öz yardımını göstərir", - Məmmədov əlavə edib.
Qeyd edək ki, Qlobal Fond gələn ildən SN ilə malyariya proqramı üzrə əməkdaşlığını dayandıracaq. Gələn ildən Azərbaycanda malyariya ilə mübarizə sahəsində bütün işlər tamamilə SN tərəfindən davam etdiriləcək.